Ukraynada vətəndaş müharibəsi, Asiya ölkələrinin gizli savaşı: ABŞ-ın yeni hesabatı

0
9

İctimaiyyət tərəfindən “kölgə MKİ” kimi tanınan ABŞ-ın RAND analitik mərkəzinin yeni hesabatına görə, Rusiya-Ukrayna müharibəsi “vəkil orduların müharibəsi”nə çevrilib. Belə ki, Asiya ölkələri Rusiya-Ukrayna müharibəsinə verdikləri dəstək səbəbiylə bir-biri ilə qarşıdurma yaşayır. Qlobal təhlükəsizlik isə ABŞ prezidenti Donald Trampın müharibə ilə bağlı təşəbbüs və qərarlarından asılıdır.

Hesabata görə, Donald Trampın hakimiyyətə gəlişindən sonra Ukraynanın ABŞ və Avropa ölkələrindən aldığı maliyyə və hərbi yardımların əhəmiyyətli dərəcədə kəsiləcəyi, Kiyevin Rusiyanın sülh şərtlərini qəbul etməyə məcbur ola biləcəyi iddia edilib.

Ukraynada vətəndaş müharibəsi riski

Hesabatda Ukraynaya qarşı cəbhə xəttində Rusiya, Çin və Şimali Koreyanın 10 minə yaxın əsgəri, minlərlə artilleriya və raket kompleksinin döyüşdüyü vurğulanıb. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatına görə, Ukrayna müharibəsi artıq Asiya ölkələri üçün proksi orduların müharibəsinə çevrilib. Şimali Koreyanın 10 minə yaxın əsgərinin, minlərlə artilleriya və raket kompleksinin Ukraynaya qarşı cəbhədə Rusiya ilə yanaşı döyüşdüyünü vurğulayan hesabata görə, hələlik ictimaiyyətə əks olunmasa da, münaqişədə Çin, Cənubi Koreya və Yaponiya da iştirak edir. MKİ-nin məlumatına görə, Ukraynanın yerləşdiyi mövqe, Qara dənizin ticarətdəki əhəmiyyəti və dünyanın ən işlək enerji xətlərinin bir çoxunun bu regionda olması səbəbindən Asiya ölkələri qlobal balansda milli maraqlarını genişləndirmək üçün Rusiya-Ukrayna müharibəsinə müdaxilə ediblər.

Hesabata görə, Ukraynadakı müharibə tezliklə Livanda və ya Konqodakı oxşar vətəndaş müharibələrinə çevrilə bilər. Qeyd olunur ki, Ukraynada müharibədən sonra yaşanan ciddi xarici müdaxilə səbəbindən vətəndaş müharibəsi yaşana bilər.

Çinin görünməz dəstəyi

Çin müharibədə birbaşa iştirak etmir, lakin Rusiyanın enerji resurslarının böyük hissəsini satın almaqla Moskvanın döyüş maşınının idarə olunmasına kömək edir. Digər tərəfdən, Çin Cənubi Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikasındakı güclü iqtisadi mövcudluğundan da istifadə edərək, region ölkələrinin Rusiyanı qınamasının qarşısını alır. Hətta Rusiya son bir il ərzində döyüş sursatlarının, logistika və kritik elektron cihazlarının böyük hissəsini Pekindən tədarük edir.

12 milyard dollarlıq yardım

Hesabata görə, Yaponiya pərdə arxasında Kiyevə hərbi texnika, nəqliyyat vasitələri, müşahidə və kəşfiyyat aparatları göndərməyə başlayıb. Hətta bu dəstək 12 milyard dollara çatıb. Cənubi Koreya Ukraynaya silah satışının qarşısını alan ticarət qanununu da dəyişərək, Ukraynaya mina təmizləmə avadanlığı və hərbi qulluqçuların formaları kimi yüngül hərbi texnika göndərməyə başlayıb.

Seul istehsal etdiyi çoxlu sayda artilleriya mərmisini ABŞ-a satır, sonra isə onları Ukraynaya çatdırır. Cənubi Koreya həmçinin Rusiyanın hücumunu gözləyən Polşaya da müdafiə avadanlıqları ixrac edir. Təhlilə görə, Şimali Koreya, Çin və Rusiya Ukraynadakı müharibədən ABŞ-a qarşı qlobal balansı dəyişmək üçün istifadə edirlər.