“Azərbaycan Ukraynanın beynəlxalq arenada dostu və etibarlı tərəfdaşıdır”.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“2019-cu ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasında rəsmi səfərdə olarkən bildirib ki, dövlətlərimiz arasında münasibətlər zaman sınağından keçib.
Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq”, – XİN-dən bildiriblər.
XİN-dən xatırladıblar ki, Azərbaycan ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Litva, Polşa və Türkiyə ilə yanaşı, Ukraynanın strateji tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğu ölkələrdəndir.
“Belə tərəfdaşlığın əsas məqsədləri dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi, regional təhlükəsizliyin və enerji müstəqilliyinin möhkəmləndirilməsi, nəqliyyat potensialının inkişafı, müxtəlif sahələrdə birgə miqyaslı layihələrin həyata keçirilməsi, eləcə də ölkələrimiz arasında iqtisadi və mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsidir.
Bu kontekstdə Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı ayrıca qeyd etmək lazımdır. Bu əməkdaşlığın sayəsində Ukrayna öz enerji balansında Rusiya neftini Azərbaycan nefti ilə tamamilə əvəz edib.
Əməkdaşlığın digər perspektivli istiqamətləri arasında gömrük sahəsini, o cümlədən gömrük əməliyyatları sahəsində təcrübə və qabaqcıl texnologiyaların mübadiləsini göstərmək olar”, – Ukrayna Xarici siyasət idarəsinin mətbuat xidmətindən bildiriblər.