UKRAYNA-TÜRKİYƏ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ KÖRPÜ SALAN MARŞAL- FOTOLAR

0
480

Üzeyir Vahabov: “Ukrayna vətəndaşı olaraq Türkiyə və Azərbaycan ilə Ukraynanın tarixi dostluq münasibətlərinin inkişafı üçün əlimdən gələni edirəm…”

…Azərbaycandan kənarda qəlbinin hökmü, ürəyinin məhəbbəti və milli dəyərlərə sayğısı ilə Azərbaycanımızın adını uca tutan çoxsaylı soydaşlarımız var. Bəzən onların izi-faydası, fəaliyyəti görünsə də, özləri görünmür. Təvazokarlıq qanımızdadır, deyə…

***

… Kazakların Beynəlxalq İctimai Təşkilatı olan  “Zaparojye Kazakları”nın Fəxri Marşalı Üzeyir Vahabov Ukrayna vətəndaşıdır. Amma qəlbi və ruhu ilə Azərbaycanla, Türkiyəmizlədir. Bu da səbəbsiz deyil. Üzeyir Vahabovla İctimai Nəzarət Təşkilatının sədri, DAMM-nin 1-ci vitse-Prezidenti Rasim Məmmədov və qonağımızın  Azərbaycandakı səlahiyyətli nümayəndəsi, Ukrayna Kazaklarının fəxri general-mayoru Mübariz Süleymanlı, eləcə də İNT rəsmisi Azər Hacıbəyli ilə birlikdə söhbət edirik…

 Azərbaycan boyda ürək və məhəbbət sahibi olan Üzeyir Vahabov Ukraynada Türkiyə-Ukrayna-Azərbaycan dostluğunun daha da möhkəmlənməsi üçün əlindən gələni etdiyini bizə həvəslə danışır:

– 2020-ci ildə Azərbaycanın torpaqlarını 30 ildir işğal altında saxlayan Ermənistana layiq olduğu dərsi verəndə də Ukrayna, Türkiyə, Pakistan və İsrail Azərbaycanın haqq işini dəstəklədi. Mənim hələ müharibədən əvvəl cənab Prezidentimiz, Ali Baş komandan İlham Əliyevə ünvanlı müraciətim oldu ki, biz Ukrayna kazakları torpaqlarımızın işğaldan azadlığı üçün Ukraynadan 5 min nəfərlik peşəkar kazak zabit heyəti ilə əmrinizdəyik… Allaha min şükür ki, tarixi qardaşlığımız, çox hörmətli Türkiyə Prezidenti R.T.Ərdoğanın söylədiyi kimi, “Bir millət-iki dövlət” olaraq Türkiyə və Azərbaycanın tarixi qardaşlığı döyüş meydanında da göstərildi. Biz Ukraynadan bütün döyüş əməliyyatlarını qürur hissi ilə izləyirdik. Hamımızın ürəyi Qarabağda döyünürdü… Türkiyə bu tarixi qələbədə siyasi dəstəyini əsirgəmədi. Sayın Ərdoğanın Bakıda Zəfər Paradını qəbul etməsi, Şuşada Prezident İlham Əliyevlə birgə olması, “Şuşa bəyannaməsi”ni imzalaması, Füzuli Beynəlxalq Aeroportunun açılışında iştirakı… Hansını deyim. Allah Türkiyəmizi, Azərbaycanımızı və bu qardaşlığa daim dəstək verən Ukraynamızı qorusun!

***

…Hörmətli qonağımız Ukraynadakı ictimai fəaliyyətindən də danışdı. Ukraynada yaşayan soydaşlarımızın daim Azərbaycanla döyünən ürək çırpıntılarını kövrək hisslərlə dilə gətirdikcə onun qəlbinin böyüklüyünə heyran qalmamaq mümkün deyildi… Həqiqətən də hər bir soydaşımıza nümunə olası bir dəyər olan Üzeyir Vahabov həm də gənclərimizə örnəkdir.

***

Onu da deyim ki. Fəxri marşalla bərabər, onu müşaiyət etmək üçün Ukrayna Müdafiə Nazirliyinin kiçik leytenantı Timur Aleksandroviç Ovsiannikov da Azərbaycana gəlib… Eləcə də görüşdə Ukrayna-Azərbaycan dostluq əlaqələrindən, həmçinin bu gün Azərbaycanda ictimai nəzarətin formalaşmasından, ictimai nəzarətçilərin sayının getdikcə artmasından, təşkilatın fəaliyyətindən ətraflı danışıldı. İctimai Nəzarət Təşkilatının sədri R.Məmmədov Cənab Prezident İlham Əliyevin ictimai nəzarətlə bağlı son çıxışı barədə fəxri qonağa ətraflı məlumat verdi. O, cəmiyyətimizin bir parçası olan ictimai nəzarətin mövcudluğu və təşkilatlanma tarixi və səbəbi, bu gün cəmiyyətdə onun vacibliyi və s. barədə qonaqlara ətraflı məlumat verdi.

Sonra qonaqlar ictimai nəzarətin müstəsna forması olan mətbuatımızın bariz nümunəsi kimi “Təzadlar” qəzetinin redaksiyasında oldular və qəzetin baş redaktoru Asif Mərzili ilə görüşdülər. İNT sədri  R.Məmmədov və A.Mərzili medianın ictimai nəzarətçi funksiyası ilə bağlı fəxri qonaqlara konkret misallarla məlumat verdilər, eləcə də “Təzadlar” qəzetinin beynəlxalq media orqanları ilə, həmçinin Türkiyənin tanınmış Trtajans Media Holdinqi ilə əməkdaşlığından danışdılar.  

Sonda xatirə şəkilləri çəkildi.

***

Bəli, Ukrayna-Azərbaycan-Türkiyə dostluğunun tarixi böyükdür, mahiyyətlidir… Və bu dostluğu körpüləşdirən çoxsaylı vətənpərvər soydaşlarımız vardır. Onlardan biri də Ukrayna Beynəlxalq Kazaklar Birliyinin Fəxri marşalı, həmyerlimiz Üzeyir Vahabovdur. O, həm də bu dostluğun möhkəmləndirilməsinin müəlliflərindən biridir…

Sevinc Muradxanlı

İNT-nin Mətbuat Xidmətinin rəhbəri