Ukrayna prezidenti briqadasının azərbaycanəsilli komandiri: “Ən qaynar nöqtələrdə xidmət edirəm”

0
180

Ukrayna prezidenti briqadasında xüsusi təyinatlı artilleriya batareyasının komandiri olan Teymur Emin oğlu Qulamov əslən Azərbaycanın Astara rayonundandır. Kiyevdə doğulan həmyerlimiz Ukraynada Ali Hərbi məktəbini bitirdikdən sonra qısa müddət ərzində xüsusi nizam intizamına və müsbət göstəricilərinə görə prezident briqadasında batareya komandiri vəzifəsinə irəli çəkilib. Onun batareyası hazırda Donetsk vilayətində Baxmut şəhəri istiqamətində ən həlledici tapşırıqları icra edir. Teymur eyni zamanda humanitar fond da təsis edib, həmçinin Ukrayna müharibəsində itkin düşən və ya həlak olan azərbaycanəsilli hərbçilərin tapılması və ya dəfn olunmasında əsas təşkilatçılardandır.

Teymur Qulamov bildirib ki, təxminən 1 ildir Baxmut istiqamətində xidmət edir:

“Düşmən cinahlardan hücuma keçməyə çalışarkən ona qarşı döyüşmüşük, geri oturtmuşuq”.

O vurğulayıb ki, ən qaynar nöqtələrdə xidmət edir:

“Düşmən ərazilərimizi işğal etməyə gəlib. Mənim vəzifəm doğulduğum və vətəndaşı olduğum Ukraynanı müdafiə etməkdir. Azərbaycan və Ukraynanın ortaq problemləri var idi, Azərbaycan həll etdi. Ukrayna da həll edəcək”.

T.Qulamov bildirib ki, bu yaxınlarda “Ukraynanın möhkəm ümidləri” adlı xeyriyyə fondunu təsis ediblər:

“Bu fondun məqsədi Ukrayna ərazisində təcavüz nəticəsində zərər dəymiş binaların bərpasına yardım etməkdir. Söhbət Buça, Qostomel və başqa ərazilərdəki tikililərdən gedir. Burada yaşayan insanlar zərər görüblər, onlar ailələri ilə birlikdə köçüblər. Baxmutda da binaların necə dağıldığını görmüşük. İnsanların qalmağa yerləri yox idi. Odur ki, tikinti işlərinə də yardım göstərməyə qərar verdik”.

O, Ukrayna Silahlı Qüvvələrinə döyüşlərdə dözümlülük arzulayıb:

“Biz düşmənə qalib gələcəyik. Ukraynada çoxlu sayda azərbaycanəsilli şəxs döyüşür. Mənim bölüyümdə də azərbaycanəsilli şəxslər var. Azərbaycanəsilli qardaşlarımız da döyüşlərdə həyatını itirir, itkin düşürlər. Çalışıram ki, onların hamısını tapım. Bu yaxınlarda mərhum Tərlanın dəfn mərasimi keçirilib. Onun axtarışları bizim tərəfimizdən uzun müddət davam etmişdi”.

T.Qulamovun əsgərləri azərbaycanəsilli komandirin rəhbərliyi altında xeyli uğura imza atdıqlarını bildirirlər. Əsgər Sergey Sergeyev deyir ki, Qulamovun komandirliyi ilə müxtəlif istiqamətlərdə xidmət edib, döyüşlərdə düşmən ciddi itkilər verib:

“Komandirimiz Qulamov barədə çox maraqlı şeylər danışmaq olar. Hər birimiz onun komandanlıq etməsindən, gördüyü işlərdən razıyıq. O, könüllü olaraq piyada döyüşçü kimi xidmətə başlayıb, indi zabitdir. Onunla bağlı hər zaman müsbət fikirlər var. O, ukraynalılarla bərabər səviyyədə olan azərbaycanəsilli hərbçidir. Ümumiyyətlə, biz onun komandirliyi ilə yaxşı nəticələr əldə etmişik. Müxtəlif istiqamətlərdə xidmət etmişik və düşmən ciddi itkilərlə üzləşib. O, komandir kimi üzərinə düşən öhdəlikləri yerinə yetirir və ən əsası nəticə əldə edirik. İnanıram ki, bütün düşmənləri məhv edəcəyik”.