Ukrayna KİV-də Qarabağ bölgəsində aparılan reinteqrasiya prosesinə dair məqalə dərc olunub

0
171

Ukraynanın “Kyiv Diplomatic” nəşrində AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Azərbaycanın Qarabağ bölgəsində apardığı reinteqrasiya prosesinə Ermənistanın qərəzli mövqeyinə dair məqaləsi dərc olunub.

“Azərbaycan yenə sülh əlini uzadıb” sərlövhəli məqalədə Ermənistanın Qarabağ bölgəsində baş verənləri imitasiya edərək dünya birliyinə sırımağa cəhdindən bəhs edilib.

Məqalədə yazılır: “Ermənistan bir əsrdən çoxdur ki, Azərbaycana qarşı necə qərəzli, yalan siyasət aparıbsa, bu gün də Qarabağ bölgəsində baş verənləri imitasiya edərək dünya birliyinə sırımağa cəhd edir. Bu, özünü daha çox Qarabağ bölgəsindən könüllü gedən erməni “qaçqın”larla bağlı qaldırdıqları səs-küydür. 30 il əvvəl müharibəni ermənilər başladı və Azərbaycan torpaqlarını işğal etdi. 1990-cı illərdə erməni separatçılar xalqımıza qarşı böyük vəhşiliklər törədiblər. Soydaşlarımız xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirilib, soyqırımına məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevriliblər.

Ancaq indi vəziyyət necədir? Tam fərqli. Azərbaycan heç kimin torpağına göz dikməyib. Əgər hazırda Ermənistanın iddia etdiyi kimi “qaçqın” varsa, bu, problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü tərk edərək, Ermənistana gedən erməniəsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir. Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib, oradakı sakinlərə ərzaq və tibbi yardım göstərir”.

Müəllif qeyd edir ki, bu gün Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub. Bu, ölkənin 30 illik müstəqillik dövründə daha da güclənib.

“Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır və açıq dialoqa hazırdır. Azərbaycan bu gün regionda birgə əməkdaşlığın, mənfəət götürülməsi, qarşılıqlı faydanın həyata keçirilməsini istəyir”, – deyə məqalədə vurğulanır.

Müəllif daha sonra yazır:

“Necə ola bilər ki, Azərbaycanda digər etnik xalqlar normal, sivil yaşamağı bacarır, tək ermənilər bunu bacarmırlar? Demək ki, separatçılıqla məşğul olurlar, Azərbaycanın konstitusion hüququna qarşı çıxırlar. Ermənistan və onun xaricdəki havadarları yalan çıxışlardan qurtulmağı düşünməlidirlər. Səhv və əsassız iddialar yaymaqla Ermənistan dünya ictimaiyyətinə qeyri-sağlam ideyalar aşılamaqdan əl çəkməlidir.

Yerli ermənilərin reinteqrasiyası Azərbaycan dövlətinin prioritet mövzusuna çevrilib. Azərbaycan yenə sülh əlini uzadıb və buna davam edəcək. Azərbaycan vətəndaşı olan ermənilər digər etnik xalqlar kimi bütün imtiyazlara, Azərbaycan Konstitusiyası ilə təsbit edilmiş hüquqlara sahib olacaqlar”.