Ukrayna Azərbaycandan daha 25 yük maşını ilə yardım alıb

0
179

“Ukrayna azərbaycanlı tərəfdaşlardan bərpa işləri üçün 25 yük maşını ilə enerji avadanlığı da daxil olmaqla daha bir yardım partiyası alıb”.

Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat verib.

“Bu, artıq Azərbaycanın dördüncü yardım tranşıdır və buraya transformator yarımstansiyaları, güc transformatoru, naqillər, ayırıcılar, təmir-bərpa işlərinin aparılması üçün digər avadanlıqlar daxildir. Biz bu dəstəyə görə tərəfdaşlarımıza təşəkkür edirik. Təqdim olunan avadanlıq Ukraynanın enerji şirkətləri tərəfindən düşmənin hücumuna məruz qalan obyektlərin, xüsusən də cəbhəyanı rayonların bərpası üçün istifadə olunur. Görülən işlər enerji sisteminin stabil işləməsini təmin etməyə, istehlakçıların elektrik və istilik təchizatına olan tələbatını təmin etməyə imkan verir”, – Ukraynanın energetika naziri Herman Qaluşenko qeyd edib.

Onun sözlərinə görə, 2023-cü ilin noyabr və 2024-cü ilin yanvar ayları ərzində Azərbaycandan alınan avadanlıqlar energetika sektorunun 24 müəssisəsi, o cümlədən elektrik enerjisipaylayıcı sistemlərin operatorları, istilik təchizatı, qaz, kömür və nüvə sənayesi müəssisələri arasında bölüşdürülüb.

Ümumilikdə, 2022-ci ilin mart ayından Ukrayna Azərbaycandan ümumi çəkisi 1 585 tondan çox olan 92 enerji avadanlığı, o cümlədən 51 güc transformatoru, 111 transformator yarımstansiyası və digər avadanlıqlar alıb.