UĞURLARINA SEVİNDİYİM ƏFŞAN YUSİFQIZI

0
348
 

Yazıçı-şair Əfşan Yusifqızının mətbuat səhifələrində və sosial şəbəkələrdə yer alan əsərləri ilə yaxından tanışam.
İstedadlı, çalışqan bir qələm sahibi kimi dəyər verdiyim Əfşan Yusifqızı ədəbi proseslərə fəal şəkildə qoşulmaq arzusu-istəyi və çeşidli mətbuat orqanlarında dərc olunan şeir və nəsr əsərləri ilə oxucuların diqqətini çəkməyi bacaran qələm sahibidir.
Onun oxucu ünvanı soraqlayan və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan şeir və nəsr əsərlərinin bir qismi indiyə qədər işıq üzü görən “Bir misra söz qədər duyanım ola” şeirlər, “Şəhid üzük” hekayələr, “Əli dağı”(roman)adlı kitabları nəşr olunub. Əsərləri iyirmiyə yaxın antalogiya və almanaxlarda dərc olunub. Yeri gəlmişkən deyim ki, müəllifin “Tor” adlı və “Gərdanlıq” adlı iri həcmli romanı da hazırda çap prosesindədir və həmin əsərlər yaxın günlər ərzində işıq üzü görəcəyi gözlənilir.

44 günlük İkinci Qarabağ Müharibəsi zamanı qələmə aldığı “Vətən”, “Şəhidlər”, “Dözümlü olun, Ay vətən oğlu”, “Bayrağimiz”, “Ağri dağı”, “Çin yuxular” adlı şeir və hekayələri ilə düşmənə tarixi ibrət dərsi verən əsgər və zabitlərə uğurlar diləyib. “Göyçay” adlı kiçik həcmli lirik poemasında isə dünyaya göz açdığı rayonun qədim dövrlərdən indiki günlərimizə qədər ədəbi aləmdə tanınan ədəbi simalarından poetik şəkildə bəhs edilir.
Əfşan Yusifqızının çeşidli ədəbi janrlarda yazdığı şeirlər təsir gücü və mövzu dairəsinin genişliyi ilə diqqəti cəlb etdiyi kimi, həyati reallıqlarla həmahəng səsləşən nəsr əsərləri də bitgin-mükəmməl süjet xətti, məzmunu və yazı üslubu ilə ilə oxucunu razı salır. Məhz elə bu əlamətlərə istinad etməklə Əfşan xanımın klassik və çağdaş ədəbiyyatımızın ən önəmli qaynaqlarından yararlanmaqla, özünəməxsus bir üsluba sahib olduğunu söyləyə bilərəm. Bildiyimə görə bu günlərdə 44 günlük müharibəyə həsr olunmuş “Gecikmiş ruh” adlı mini romanını da yazıb tamamlayıb.
Yuxarıdakı qeydlərimə əsaslanaraq, ədəbi aləmdə kifayət qədər tanınan Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfşan Yusifqızına elə bu ruhda davam etməyi və yeni-yeni uğurlar arzulayıram.

                                

İsmayıl İmanzadə

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri.