Ucuz kolbasalar nədən hazırlanır? – Qida mütəxəssisi sirri açıqladı

0
359

“Məsələn, əgər 100 kiloqram qiyməyə 10 kiloqram soya əlavə edilərsə, o, özünə 5-6 litr su birləşdirir, həcmi artır və nəticədə 60 kiloqram artıma səbəb olur”

Bu sözləri qida mühəndisliyi üzrə texnika elmləri namizədi Natəvan Qədimova deyib.

“Kolbasa məmulatları reseptura və standartlar əsasında istehsal edilir. Resepturaya uyğun olaraq 100 kq xammala ətdən əlavə donuz piyi (yaxud başqa heyvan piyi), un, duz, nişasta, sarımsaq, yumurta melanjı, müxtəlif ədviyyatlar, nitrit və s. qatılır. Hazırda bir kiloqram sümüksüz ətin qiyməti 14 manatdır. Kolbasada 1 kiloqrama yaxın ət istifadə edilirsə, onun qiymətinin üzərinə sadaladığım digər məhsulların qiymətini, istehsal xərclərini, müəssisə işçilərinin əmək haqqını, satış müəssisəsinin qoyduğu 10-20 faiz rüsumu da əlavə etsək, deməli, kolbasa ətlə eyni qiymətə yox, ondan baha olmalıdır.

100 faiz düzgün resepturaya uyğun və yüksək keyfiyyətli ətdən istifadə etdikdə, məhsul istehsal olunanda qiyməti baha, alıcısı isə az olur. Bu isə istehsal müəssisələri üçün sərfəli deyil. Orta səviyyəli insanlar baha kolbasa məmulatlarını ala bilmir.

Ona görə, ucuz variantlardan istifadə edib daha aşağı qiymətə başa gələn məhsulları bazara çıxaranlar çoxdur. Məsələn, əti soya və ya heyvan zülalları ilə əvəz edir, heyvan cəmdəyinin daha ucuz və qidalılıq dəyəri aşağı olan hissəsindən – mədə, bağırsaq, qığırdaqdan istifadə edirlər. Bu üsullarla məhsulun maya dəyərini aşağı salmaq mümkündür. Ucuz məhsulun ərsəyə gəlməsinin bir səbəbi soyanın tətbiqidir. Soya adi ağ rəngli tozdur, suyu özünə çəkdiyində şişir və həcmini dəfələrlə artırır, nəticədə məhsul çıxımını yüksəldir. 100 kiloqram kolbasaya 1-3 faiz miqdarında soya əlavə edilə bilər, ancaq istehsal olunan məhsulun çıxımını artırmaq məqsədi ilə bu miqdar yüksəldilir. Nəticə etibarilə bu, ətə qənaət imkanı yaradır. Məsələn, əgər 100 kiloqram qiyməyə 10 kiloqram soya əlavə edilərsə, o, özünə 5-6 litr su birləşdirir, həcmi artır və nəticədə 60 kiloqram artıma səbəb olur.

Soya bitki zülalıdır və insan sağlamlığı üçün zərərli deyil. Etiketdə hər hansı məhsulun tərkibində soya görəndə şübhə ilə baxmasınlar. Soyanın miqdarına baxsınlar. Əslində, soyanın miqdarı etiketdə qeyd olunmalıdır. Bir çoxu qeyd edir, amma etməyənlər də var. Narahat edən digər məsələ odur ki, kolbasaya əlavə edilən soya Geni Modifikasiya Olunmuş (GMO) məhsuldurmu? Çünki qida məhsulları içərisində ən çox geni dəyişdirilmiş məhsullardan biri də soyadır. GMO-lar isə orqanizmə ziyanlıdır”.