Üç yaşı var, sərbəst yazıb oxuyur, Quran ayələrini əzbər bilir – VİDEO

0
360

Qobustan rayonunun Sündü kənd sakini 3 yaşlı Sabir Ağaverdiyev öz bilik və bacarıqlarına, dərin hafizə, intellekt və istedadına görə həmyaşıdlarından fərqlənir.

Adətən uşaqlar hərfləri birinci sinifdə öyrənib, tədris ilinin sonunda cümləni hecalayaraq oxumağa başlasa da, Sabir iki yaşından Azərbaycan dilində səlis oxumağı və yazmağı öyrənib. Böyük uşaq kimi oxuyub-yazan bu balacanın səsindəki 3 yaşlı uşağa məxsus şirinlik də öz yerində… Bundan başqa, apardığı riyazi hesablamaları ilə insanları təəccübləndirməyi də bacarır. Quran ayələrini də əzbər bilən bu balaca, eyni zamanda, hansı bayrağın hansı ölkəyə aid olduğunu da söyləyir. Azərbaycan Ordusunun işğaldan azad etdiyi əraziləri isə xəritədə dəqiq göstərərək, rayonlarımızın adlarını bir-bir sadalayır.

Atası Cabir Ağaverdiyev deyir ki, Sabirin heç bir oyuncağa həvəsi yoxdur: “Bir yaşı olanda fikir verdik ki, o, heç bir oyuncaqla oynamır. Bizim ailəmiz ziyalı ailə olduğundan hər zaman stolun üstündə kitab və qələm olub. Ancaq kitab-dəftərlə oynayır. Kitablara marağını gördük və onu o yöndə istiqamətləndirməyə çalışdıq”.

Sündü kənd orta məktəbin direktoru Ziya Məlikov da Sabirin istedadından danışıb. Onun sözlərinə görə, Sabirin böyük bacısı və qardaşı da məktəbin əlaçı şagirdləridir. Balaca Sabir də qardaş-bacısından geri qalmır, bilik və bacarığını daha da inkişaf etdirməyə səy göstərir.