TV-lərimizdə mühüm dəyişiklik gedir – Ekspert

0
1145

Son dövrlər televiziyalarda bir sıra yeniliklər müşahidə olunur. Belə ki, AzTV və İTV-də debat formatlı yeni verilişlərin yayımlanması, studiyaların yenilənməsinin şahidi oluruq. Hətta “Speys” televiziyası da artıq daha maraqlı layihələrə start verib. Sözügedən kanalın “Sadə həqiqətlər” verilişinin ilk buraxılışında Baş nazir Novruz Məmmədovun qonaq olması maraq doğurub.
Ümumilikdə televiziyalardakı bu dəyişikliklər tamaşaçılar tərəfindən təqdir edilir.
Media eksperti Qulu Məhərrəmli bu yeniliklərin daha çox rəhbər dəyişikliyi ilə bağlı olduğunu söyləyib:
“Televiziya sahəsində baş verən hər bir yenilik təqdirəlayiqdir. Fikrimcə, bu dəyişikliklər heç bir halda kosmetik olmamalıdır. Biz o prosesə dəyişiklik deyirik ki, davamlıdır, məzmunludur və mahiyyəti ifadə edir. Bu gün açılan proqram bir aydan sonra bağalanacaq, televiziya əvvəlki məcrasına qayıdacaqsa, buna artıq dəyişiklik demək olmur.
Məsələn, hazırda İTV-də dəyişikliklər gözə çarpır. Hesab edirəm ki, bütün bunlar indiyə qədər bu televiziyada olmayan mahiyyət dəyişiklikləridir. Yəni məzmuna doğru dəyişikliklər gedir. AzTV-də görüntünün dəyişməsi prosesi var. Amma ona baxmaq lazımdır ki, bu kanallarda bir süjet nə dərəcədə gözəl hazırlanır, əvvəlki süjetlərdən necə fərqlənir? Xəbər süjetinin elementləri nə dərəcədə gözlənilir? Buna görə də dəyişikliklərin məğzinə varmaq lazımdır.
Televiziyalardakı bu yenilik qətiyyən onların tənqidlərdən dərs çıxarması ilə bağlı deyil. Yeni adamlar gəlir və onlar özlərini müəyyən şəkildə ifadə edirlər. Amma vacib olan yeniliklərin sistem halını almasıdır”.