Qonşumuz, əhalisi türk əsilli olan Türkmənistanla Ermənistan arasında təbii qaz tədarükü ilə bağlı müqavilə imzalanacağı gözlənilir. Erməni mətbuatında tərəflər arasında davam edən danışıqların bəzi detallarına yer verilib.
Məlum olur ki, Ermənistan tərəfi İran vasitəsilə Türkmənistandan təbii qaz almağa hazırlaşır. Lakin bu iki ölkəni birləşdirən birbaşa qaz xətti mövcud deyil. Ona görə də, bu işə digər müsəlman qonşumuz İran qoşulur.
Belə ki, plana görə, Türkmənistan İranın özü ilə həmsərhəd rayonlarına qaz verəcək. Həmin rayonlar İranın mərkəzindən çox uzaqda, ucqar ərazilərdə yerləşir və oraya qaz çatdıracaq infrastruktur demək olar ki, yoxdur. Həmin qazın əvəzində isə İran eyni həcmdə təbii qazı özünün sevimli qonşusu Ermənistana ötürəcək. Bu svop sistemi ilə baş tutacaq alış-veriş nəticəsində Ermənistan qaz, Türkmənistan isə pul qazanacaq. İran isə bir tərəfdən ucqar rayonlarını qazla təmin edəcək, digər tərəfdən də Ermənistanı “blokada şəraitindən” qurtarmış olacaq.
Ermənilərin nədən İrandan deyil, Türkmənistandan qaz almasına gəlincə, İrana qarşı sanksiyalar Ermənistanın bu ölkədən pul qarşılığında birbaşa qaz almasına imkan vermir. Saziş imzalanacağı təqdirdə isə Ermənistan pulu İrana deyil, Türkmənistana ödəyəcək və sanksiya təhlükəsindən yan keçəcək.
Lakin ermənilər bu sazişə xarici müdaxilələr olacağından ehtiyatlanırlar. Ermənistan Xarici İşlər nazirinin müavini Şvarş Köçəryan mətbuata açıqlamasında deyib ki, Azərbaycan bu layihənin əleyhinədir: “Türkmənistan qazının Ermənistana nəql edilməsində maraqlı olmayan və buna mane olmaq istəyən ölkələr var. Uzağa getməyək, elə Azərbaycan”.
Ş.Köçəryan əlavə edib ki, İranla enerji mübadiləsi sahəsində əməkdaşlıqları güclənir. Ermənistan İrana çəkiləcək yeni xətt vasitəsilə qonşusuna elektrik enerjisi verib, əvəzində barter formasında qaz alacaq.