Türkiyənin müdafiə naziri Ermənistana çağırış etdi

0
465

“Tarixə faktlara əsaslanan yanaşma ilə həqiqətən maraqlananlar, ABŞ-ın Vaşinqtondakı Milli Arxivlər və Qeydlər Agentliyində (NARA) general Harbordun məruzəsini tapa bilərlər. Hesabatın surətləri o vaxt Ağ Evə və Senata göndərilib”.

Bu fikirlər Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın “RealClearDefense” jurnalında 1915-ci il hadisələrinə dair çap olunan məqaləsində bildirib.

Türkiyəli nazir xatırladıb ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 2005-ci ildə (Ərdoğan 2005-ci ildə Türkiyənin Baş naziri olub-red.) Ermənistan Prezidentinə məktub göndərərək tarixçi-alimlərdən ibarət birgə komissiyanın yaradılmasını təklif edib.

“Bu komissiya tədqiqatlarını Türkiyə, Ermənistan və digər üçüncü ölkələrin arxivlərində aparmalı və nəticələri beynəlxalq ictimaiyyətə təqdim etməli idilər. Məsələni akademik şəkildə araşdırmış biri olaraq bu təklifin hələ də qüvvədə olduğunu söyləməkdən məmnunam. Amma təəssüf ki, Türkiyə bu təklifə hələ bir cavab ala bilməyib və Ermənistan öz arxivlərini açmayıb.

Bəlkə də Ermənistan rəhbərləri Türkiyənin Ermənistana göndərdiyi mesajları dinləyə bilər. Əgər onlar sülhə investisiya qoymağı seçsələr, bütün region üçün siyasi və iqtisadi dividentlər yüksək olacaq. Türkiyə ABŞ kimi müttəfiqləri də daxil olmaqla, üçüncü ölkələrin bu yeni yanaşmanın  reallaşmasına kömək etmələrini və ya tarixi bir mübahisəni siyasiləşdirmək cəhdlərindən çəkinmələrini istərdi”, – deyə H. Akar vurğulayıb.