ADİL ALLAHVERDİYEV:”BU XƏSTƏLİKDƏN CAN QURTARMAQ O QƏDƏR DƏ ASAN OLMAYACAQ”

0
466

 

Koronavirus pandemiyası sərhədlərini hər gün genişləndirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 266 min nəfərdən, ölənlərin sayı isə 11 min nəfərdən çoxdur. Gözlər virusun müalicəsi üçün tətbiq olunacaq vaksinin hazırlanmasına dikilib. Virusu tamamilə yox edəcək vaksin hazırlanacaqmı? Mövcud göstəricilər gələcəyə dair hansı ümidləri verir?

Türkiyədə fəaliyyət göstərən, SSRİ-də ilk dəfə olaraq malyariya xəstəliyinə qarşı peyvənd və yeni dərman preparatlarını hazırlayan tibb elmləri doktoru, professor, Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü Adil Allahverdiyev “Report”un Türkiyə bürosunun suallarını cavablandırıb.

Alimin sözlərinə görə, virusun məhv edilməsi üçün dünyadakı elm adamları bir neçə istiqamətdə araşdırmalar aparırlar:

“Dünya səhiyyəsi qarşısında duran əsas vəzifə xəstəliyə qarşı peyvəndin, ikinci əsas məsələ bəzi infeksion xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının COVID-19-a təsirinin öyrənilməsi və ya virusa qarşı yeni dərman preparatlarının hazırlanmasıdır.

Eyni zamanda genetik mühəndislik yolu insan hüceyrələrində özünə yer edən virus hüceyrələrini dəyişdirərək yenidən xəstə hüceyrəyə verilməsi metodu da diqqət mərkəzindədir. Bundan başqa hibridoma texnologiyası ilə də xəstəliyin müalicəsi üzərində işlənilir. Ancaq təəssüf ki, bu gün ciddi cəhdlə aparılan araşdırmalarla həmin metodlardan heç biri xəstəliklə mübarizədə uğurlu nəticə verməyib”.

A.Allahverdiyevin sözlərinə görə, son günlər dünyanın müxtəlif ölkələrində (Çin, ABŞ, Rusya, Yaponiya) COVID-19-a qarşı vaksinin hazırlandığına dair iddialar irəli sürülür. Lakin bu iddialar təsdiqini tapmayıb:

“mRNA-1273” adlı peyvənd az sayda insan üzərində sınaqdan keçirilsə də, onun nəticə verməsi üçün azı 18 aya ehtiyac olduğu açıqlandı. Düşünürəm ki, tədqiqatçılar tərəfindən bu sahədə araşdırmalar aparılsa da, problemin həllindən danışmaq çox tezdir. Çünki indiyə qədər bir çox müxtəlif infeksiyalara və xəstəliklərə qarşı peyvənd işlənib hazırlansa da, nəticələr ürəkaçan olmayıb.

Bu qədər tədqiqatlar nəticəsində sadəcə 11 xəstəliyə qarşı effektlı peyvənd hazırlaya biliblər. Digər tərəfdən COVID-19 infeksiyasının xüsusiyyətləri tam bəlli olmadığı üçün orqanizmə verilən peyvəndin aktivləşdirdiyi immun sistem hüceyrələrinə virusların necə cavab verəcəyi məlum deyil”.

Alim qeyd edib ki, peyvəndin tapılması üçün bütün gözlər ABŞ-a dikilib və oradakı elm adamlarının da, əldə etdiyi nəticələri hələ ki uğurlu hesab etmək olmaz:

“Mövcud vaksinləri ideal adlandıra bilmərik. Belə ki, peyvənd üçün istifadə ediləcək protein antigenləri heç də, virusun bütün antigenlərini özündə əks etdirmir. Əminliklə deyə bilərəm ki, bu virusa qarşı yeni dərman preparatının hazırlanması azı 14 il müddətində mümkün ola bilir. Təəssüf ki, indiyə qədər viruslara qarşı əldə edilən dərman preparatları da, spesifik olmadığı üçün istənilən nəticələrin əldə edilməsi mümkün olmayıb. Çarə üçün hazırda ən əlverişli yol müxtəlif infeksion xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarının COVID-19-da test edilməsidir”.

A.Allahverdiyev bildirib ki, bir çox yaş qrupunda olan, milli mənsubiyyətindən, ölkəsindən asılı olmayaraq hər kəs virusa yoluxa bilər:

“Xəstəliyin klinik əlamətləri ən çox yaşlı insanlarda və müxtəlif xəstəliyi olan şəxslərdə daha çox görünür. Gənclərdə isə xəstəliyin kliniki əlamətləri tam görülməsə də, onlar epidemioloji baxımdan ətrafdakılar üçün təhlükə yaradırlar. Belə ki, bu şəxslərin immun sistemi virusların çoxalmasına ev sahibliyi etdiyi üçün, onlar virus daşıyıcı rolunu oynayaraq xəstəliyi sağlam şəxslərə ötürəcəklər. Ancaq nəticələr onu deməyə əsas verir ki, immun sistemi zəif olan gənclərdə də, xəstəlik sürətlə inkişaf edərək ölümə yol aça bilər.

COVID-19-la bağlı dünyada baş verən hadisələr bir daha göstərir ki, xəstəlikdən azad olmaq çox da asan olmayacaq. Bunun əsas səbəbi xəstəliyin pandemik şəkil almasıdır.

Belə ki, hər hansı ölkədə xəstəlik aradan qaldırılsa da, başqa ölkədən gələn xəstə insan bu xəstəliyin orada yenidən baş qaldırmasına səbəb olacaq”.