Türkiyəli səyyah: “Azad olunmuş ərazilərdəki vəziyyət insanlıq və sülh adına utancdır”

0
237

“Azad olunmuş ərazilərdəki vəziyyət insanlıq və sülh adına utancdır”.

Bunu açıqlamasında Türkiyə Səyyahlar Klubunun üzvü Fatma Karagözlü deyib.

Onun sözlərinə görə, səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri onların xatirələrində xüsusi yer tutacaq:

“Azərbaycan torpaqlarının işğal tarixi ilə bağlı çox danışmışıq. Lakin indi həmin tarixlə yanaşı, bu torpaqlara yenidən həyatın qayıtmasından, dirçəlməsindən danışacağıq. Çünki ərazilərin əsl sahibləri geri dönüb və onlar burada həyatı dirçəltmək üçün əllərindən gələni edəcəklər”.

“Bu gün gördüyümüz qədər, heç bir beynəlxalq ciddi təşkilat azad edilmiş ərazilərdə nə infrastrukturun yenidən qurulmasında, nə də minatəmizləmə işlərində Azərbaycana hansısa yardım göstərməyib. Belə olan halda insan hüquqlarından danışan beynəlxalq qurumlar 30 ilə yaxın müddət ərzində hüquqları pozulan bir milyona yaxın azərbaycanlı haqqında niyə danışmır?! Mina təhlükəsindən ötrü öz yurduna qayıda bilməyən ailələrin acı taleyi barədə müzakirələr niyə aparılmır?! Fikrimcə, bu ayrı-seçkiliyə tez bir zamanda son verilməli, insanlıq və sülh adına utanc olan bu vəziyyətdən çıxış yolu üçün əməli addımlar atılmalıdır”, – F.Karagözlü vurğulayıb.

Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, budəfəki heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.