Türkiyəli professor, yerşünaslıq üzrə alim Naci Görür mümkün İstanbul zəlzələsi ilə bağlı açıqlamalar verib.
“Zəlzələnin mənbəyi yerin daxilindədir. Onu Amerika gəmisi, yaxud kosmosda hərəkət, isti və ya soyuq hava ilə əlaqələndirmək mənasızdır”, – deyə Naci Görür bildirib.
Naci Görürün sözlərinə görə, Şimali Anadolu qırılma xəttinin şimal qolu Mərmərə qırılma xəttidir, uzunluğu 160 kilometrdir, Tekirdağ, Adalar və Kumburqaz adlı 3 hissədən ibarətdir. “Bu qırılma xətti qapalıdır və orada gərginlik yığılmağa başlayır. Süxurları sındırmaq üçün yığılan qüvvəyə gərginlik deyilir. Beləliklə, bu qırılma xətti güc yığır. Kumburqaz və ya Adalar qırılma xətlərinin sınmasını gözləyirik. Əgər bu xətlər sınarsa, baş verəcək zəlzələnin gücü 7,2-7,6 bal olacaq. Deməli, İstanbulda minimum 7,2 bal gücündə zəlzələ gözləyirik. Tekirdağ qırılma xəttinin sınması ehtimal olunmur. Dəniz tədqiqatları zamanı Tekirdağ xəttinin 1912-ci il Şarıköy zəlzələsində sındığını və enerjisini boşaltdığını düşünürük”, – deyə o qeyd edib.
Naci Görürün fikrincə, İstanbulda sürüşmə sürətinə görə Avropa hissəsi ən riskli zonadır, Anadolu hissəsində isə dərələr, su axını kanalları və çimərliklər istisna olmaqla torpaq sürüşməsi riski yoxdur.
Görürün sözlərinə görə, zəlzələlərə qarşı keyfiyyətli binalar inşa etmək kifayət deyil. “Torpaq qatını nəzərə almayan inşaatçılar məyusluq yaşaya bilərlər”, – deyə o nəzərə çatdırıb.
Naci Görür bildirib ki, İstanbulda mümkün zəlzələ zamanı 100 minə yaxın bina çökə bilər. “20 min binanın dağılması halında belə 800 min insanın həyatı təhlükə altında qala bilər”, – deyə o vurğulayıb.