Türkiyəli nazirdən Zəngəzur açıqlaması

0
218

Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlər sürətlə davam edir.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Şərq-qərb istiqamətində kommersiya potensialını artırmaq üçün Zəngəzur dəhlizini həyata keçirməyə çalışırıq. Azərbaycan tərəfindən bu istiqamətdə işlər sürətlə davam edir. Naxçıvan Muxtar Respublikası istiqamətində də işlər görülür. Biz də Dilucu, İğdır və Qars arasında da bu ilin sonunda və ya gələn ilin əvvəlində bu istiqamətdə işə başlamağı düşünürük”, – Abdulkadir Uraloğlu vurğulayıb.

Nazir qeyd edib ki, dəhliz ya Ermənistandan, ya da İrandan keçməklə reallaşacaq. Türkiyə bu alternativləri nəzərdən keçirir.

Abdulkadir Uraloğlu daha əvvəl bildirib ki, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacağına inanır.

Nazirin sözlərinə görə, bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək.