Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 57 nəfər yaralanıb.
Bu barədə “Anadolu” agentliyi İzmir vilayətinin valisi Süleyman Elbana istinadla məlumat verib.
O qeyd edib ki, ötən gün günorta saat üç radələrində restoran və çörək sexinin yerləşdiyi binanın birinci mərtəbəsində sənaye qazı balonu partlayıb:
“Partlayış o qədər güclü olub ki, daha 10 qonşu evə ziyan dəyib. Binanın fasadı və yuxarıdakı mərtəbələrdəki mənzillər zədələnib.
Dörd tibb müəssisəsi zərərçəkənləri qəbul edib. Onlardan bəziləri özləri xəstəxanalara gedə biliblər”.
Türkiyə rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıb.