Türkiyədən 4 mühüm geosiyasi addım: Ankaranın qərarları qonşularını qorxuya salıb

0
85

Türkiyənin strateji addımları Yunanıstanın gündəmindədir. Yunanıstanda nəşr olunan “Ethnos” qəzeti Türkiyənin fevral ayında 4 mühüm geosiyasi addım atdığını yazıb.

“Ethnos” qəzeti Türkiyənin Misirlə münasibətlərdə atdığı yeni addım, Somali və Cibuti ilə imzalanan müqavilələr, Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Geçitkale şəhərində quracağı KAAN döyüş təyyarəsi və İHA-SİHA bazası ilə bağlı xəbər dərc edib.

Xəbərdə Türkiyənin fevral ayında atdığı bu geosiyasi gedişlərin əhəmiyyəti vurğulanıb. Bu addımların Türkiyənin Şərqi Aralıq dənizi və Afrikaya yolunu açdığı, Geçitkaledəki yeni strukturlaşma hərəkətinin də çoxyönlü bir dəyişikliyin xəbərçisi olduğu bildirilib.

Xəbərdə, Geçitkaledəki bazanın Türkiyənin enerji daşımaları və qazma işləri üçün böyük strateji əhəmiyyətə malik olduğu vurğulanaraq, bu baza quruluşunun hava məkanı vasitəsilə dəniz sahələrinə nəzarət mexanizmi yaratdığı ifadə edilib.

Həmçinin qitə şelfini İHA-larla qorumaq üçün bu bazanın Suriya, Liviya və Misirin şimalına nəzarət etmək üçün son dərəcə əhəmiyyətli olduğu bildirilib.

Xəbərdə prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Müdafiə Naziri Yaşar Gülərin Türkiyənin ilk milli təyyarədaşıyan gəmisi “TCG Anadolu”dan sonra yeni təyyarədaşıyıcısının inşası üçün ilkin işlərə başladığı və KAAN-ın bundan istifadə edəcəyi bildirilib.

Türkiyənin Afrikada atdığı addımlara da toxunan xəbərdə Fransanın bölgədə yaratdığı boşluğun Ankara tərəfindən doldurulduğu və bunun xarici işlər naziri Hakan Fidanın 10 ildən artıqdır ki, cızdığı strategiyanın bir hissəsi olaraq “mat” addımı olduğu bildirilib.

Xəbərdə Türkiyənin Somali və Cibuti ilə imzaladığı müqavilələrə də toxunulub və bu çərçivədə Türk dəniz gücünün Qırmızı dəniz, Ədən körfəzi və Fars körfəzində sabit varlıq əldə etdiyi vurğulanıb.