Türkiyədə zəlzələ nəticəsində dəymiş zərəri sığortaçılar ödəməyə başlayıb

0
175

Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində dəymiş zərəri sığorta sektoru ödəməyə başlayıb.

Bunu Türkiyə Sığorta Dərnəyinin (TSB) sədri Atilla Benli bildirib.

A.Benli episentri Kahramanmaraşda olan zəlzələlərdən sonra fəlakət bölgəsində araşdırmaları davam etdirdiklərini və əsrin ən böyük fəlakəti ilə üzləşdiklərini qeyd edib:

“Bütün sığorta şirkətləri ilə birgə dəymiş zərəri aradan qaldırılması prosesini sürətləndirməkdən, zəlzələ nəticəsində xəsarət alanlar üçün zəng mərkəzlərində ayrı-ayrı xətlərin açılmasından, bölgədə rabitə mərkəzlərinin yaradılmasından tutmuş bir sıra tədbirlər gördük və görməyə davam edirik. Zərərlərin ən qısa zamanda aradan qaldırılmasını və ödənilməsi prosesinin sürətlə idarə olunmasını təmin edirik. Zəlzələdən sığorta, yanğın, həyat və fərdi qəza sığortaları ilə yanaşı icbari zəlzələ sığortasını da nəzərə alaraq bölgədə sığortalıların ümumi sayı 4 milyon ətrafındadır”.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin araşdırmasına görə, zəlzələnin dağıtdığı tikililərin sığorta ödənişləri 1 milyard ABŞ dolları civarında olacaq. Bildirilir ki, bu məbləğin böyük hissəsi təkrarsığorta şirkətləri tərəfindən ödəniləcək.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 42 310 nəfərə çatıb, yaralı sayı 108 000 nəfər təşkil edir.

Türkiyədə zəlzələ nəticəsində ümumilikdə 12 141 bina və 66 058 qeyri-yaşayış sahəsi dağılıb və ya ağır zərər görmüş vəziyyətdədir.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.