Türkiyədə xəbərdarlıq: Yayılan virus COVID-19-la səhv salına bilər

0
387

Türkiyədə yayılan Krım-Konqo hemorragik qızdırması COVID-19-la səhv salına bilər.

Bunu Ankara Universitetinin infeksionisti Güle Çınar deyib.

“Gənələr insana yapışdıqda daxilində olan maddəni insanın qanına boşaldırlar və nəticədə virus orqanizmimizə yoluxur. Gənə dişləyən insanların sağlamlığı 10 gün müddətində nəzarət altında olmalıdır”, – deyə həkim bildirib.

Onun sözlərinə görə, xəstəlik başağrısı, ürəkbulanma, qusma, ishal, əzələ ağrısı, halsızlıq kimi simptomlara səbəb olur.

“Hərarət bütün insanlarda dərhal nəzərə çarpmasa da, müddət sonra müşahidə olunaraq orqanizmdə koaqulyasiya sisteminin pozulmasına və qanaxmalara səbəb ola bilər. Əsasən xəstələr daxili qanaxma və ya qanaxmanın kəsilməməsi səbəbindən həyatlarını itirirlər”, – deyə infeksionist vurğulayıb.

Həkim bildirir ki, gənələrin ola bildiyi kənd əraziləri, meşə, gəzintiyə gedərkən mümkün qədər bağlı geyinmək, gənə yapışdıqda isə onu ya əlcək, ya da salfetlə çıxarmaq lazımdır.

Qeyd edilir ki, ötən həftə ərzində Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunda üç, Tokatda 14, Ərzincanda isə yeddi nəfərə Krım-Konqo hemorragik qızdırması diaqnozu qoyulub.