Türkiyədə “Yesayan” Erməni Liseyinə tabe olan Beyoğlunun “Üç Xoran Kilsəsi” Fondunun rəhbərliyi liseyin keçmiş direktoru Satenik Nektar Nişanı məhkəməyə verib.
Fond Sateniki “Türk mədəniyyəti” fənnindən dərs deyən müəllimi qanunsuz olaraq ört-basdır etməkdə və dərsdən yayınan müəllimlərə maaş verməkdə ittiham edir.
“Türk mədəniyyəti”ndən dərs deyən müəllim 1 ilə yaxındır ki, valilikdən və rayonun milli təhsil idarəsindən icazə almadan işləyir. Dərsdə iştirak etməyən bir sıra müəllimlərə də direktor tərəfindən ödənişlər edilib. Onların guya sinifdə olduqları göstərilib”, – deyə fondun açıqlamasında bildirilir.
Məktəbin keçmiş direktoru isə bunu inkar edərək, deyilənlərin böhtan olduğunu bildirib.
“Milli Təhsil İdarəsindən icazə almadan müəllim işləmək mümkün deyil. Şikayətçi tərəf bunun hansı müəllim və ya müəllimlər olduğunu dəqiq bildirməyib. Ona görə də məlum olur ki, iddia edilən cinayətlər diffamasiyadan (şərəf, ləyaqət, nüfuz və ada xələl gətirilməsi və onun qorunması hüquqları ilə bağlı termin) o yana keçmir”.
Satenikin təkziblərinə baxmayaraq, İstanbul Baş Prokurorluğu iş üzrə başladılan istintaqı yekunlaşdıraraq, onun barəsində “Vəzifədən sui-istifadə” maddəsi ilə 7 ay 15 gündən 3 il 5 aya qədər həbs tələbi ilə məhkəmə işi başlayıb.
Qeyd edək ki, Nişan 1993-cü il martın 1-dən 2020-ci il avqustun 21-dək orta məktəb direktoru vəzifəsində çalışıb.