Dövlət Miqrasiya Xidməti (DMX) hava yolu ilə Azərbaycana giriş-çıxış edən Türkiyə və Rusiya vətəndaşları tərəfindən COVID-19-a dair təqdim edilməsi zəruri olan sənədlərlə bağlı daha bir məlumat yayıb.
Qurumun İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bildirib ki, yaşı 1-dən 18-dək olan şəxslər yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidir:
“Eyni sənədi yaşı 18-dən yuxarı olanlar da təqdim etməlidir. Bundan əlavə, yaşı 18-dən yuxarı olan şəxslər həm də COVID-19 pasportunu təqdim etməlidirlər. Burada söhbət tam peyvəndlənməni təsdiq edən sənəd və ya sağalaraq immunitetə malik olmağı təsdiq edən sənəddən gedir. Yəni, bu sənədlərdən biri yetərlidir. Əgər sərnişin tam peyvənd olunmayıbsa, sağalaraq immunitetə malik olmasını təsdiq edən sənədi təqdim etməlidir”.