Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək – VİDEO

0
496

Türkiyənin “Bengü Türk” televiziyasında bir ildən çoxdur yayınlanan “Azərbaycan Rüzigarı” programı bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümünə həsr olunacaq.

“Azərbaycan Ruzigarı”nın müəllifi və aparıcı, telejurnalist Səidə Ömərin verdiyi məlumata görə, mayın 28-də yayımlanacaq proqram həm möhtərəm qonaqlar, həm də rəngarəngliyi ilə daha fərqli sürprizlərlə dolu olacaq.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının I müavini, MHP-nin İstanbuldan olan millət vəkili İzzət Ülvi Yöntər, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq Qrupu rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan millət vəkili Şamil Ayrım, MHP-li millət vəkili Arzu Ərdəm, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Azərbaycanla sıx dostluq əlaqələrini bu gün də davam etdirən diplomat Hulusi Kılıç 28 May Respublika Günü ilə bağlı təbriklərini çatdıracaqlar.

Daha sonra Türkiyənin məşhur sənətçiləri Muazzez Ersoy, Mustafa Yıldızdoğan, Meral Konrat, Yudum Koral, Aşık Sefai, Murad Pınar Özdemir yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar Azərbaycanı evlərindən videogörüntü ilə salamlayacaq, ən səmimi ürək sözlərini canlı ifalarla bildirəcəklər.

Programda, həmçinin Azərbaycanın müstəqillik yolu və inkişaf edən Azərbaycanı əks etdirən videosujet nümayiş etdiriləcək.

Səidə Ömər Əhməd Cavad, Cəfər Cabbarlı, Bəxtiyar Vahabzadə kimi görkəmli şairlərin şeirlərini səsləndirəcək, proqramda milli rəqslər və Azərbaycan haqqında kliplər göstəriləcək.