Türkiyənin məşhur müğənnisi Volkan Konak Şimali Kipr Türk Cümhuriyyətinin İskele şəhərində keçirilən konsert zamanı səhnədə çıxışı zamanı birdən-birə halı pisləşib və huşunu itirərək yerə yıxılıb.
Konsert zalında olan tamaşaçılar və onun səhnə heyəti dərhal ona ilkin tibbi müdaxilə edib. Daha sonra Volkan Konak təcili tibbi yardım maşını ilə Qazimağusa Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, o, saat 00:42-də xəstəxanada vəfat edib.
Şimali Kipr Türk Cümhuriyyəti Səhiyyə Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama verib:
“Bu gecə saat 00:17-də qəfil halı pisləşməsi səbəbilə Mağusa Dövlət Xəstəxanasına gətirilən sənətçi Volkan Konak, bütün müdaxilələrə baxmayaraq təəssüf ki, saat 00:42-də həyatını itirdi. Mağusa Dövlət Xəstəxanası tərəfindən ətraflı açıqlama yazılı şəkildə veriləcək”.
Volkan Konak 1967-ci ildə Trabzonun Maçka rayonunda anadan olub. O, uzun illər boyu türk xalq musiqisinin tanınmış nümayəndələrindən biri olub. “Cerrahpaşa” mahnısı ilə böyük uğur qazanan sənətçi, 2006-cı ildə çıxardığı “Mora” albomu ilə MÜ-YAP tərəfindən qızıl boşqabla təltif edilib.
Qeyd edək ki, 58 yaşında dünyasını dəyişən sənətçi Türkiyədə özünəməxsus ifası ilə tanınıb.
Allah rəhmət eləsin!