Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? – FOTOFAKTLAR

0
17

Son günlərdə Türkiyə mediasında Azərbaycanla bağlı neqativ materiallar dərc olunur. Azərbaycan-İsrail münasibətləri ilə bağlı materialları qələmə alanlar Türkiyə ictimaiyyətində ölkəmizlə bağlı mənfi fikir formalaşdırmağa çalışırlar.

Faktyoxla Lab. həmin materialları yayanların kimliklərini və məqsədlərini araşdırıb.

Əvvəlcə “Independent Türkçe” saytında 5 aprel 2025-ci il tarixində yayımlanan “Azərbaycan Avroviziyaya yəhudi müğənni göndərir” başlıqlı məqaləyə diqqət edək. Məqalədə gələn ay İsveçrənin Bazel şəhərində keçiriləcək Avroviziya mahnı müsabiqəsində ölkəmizi “Mamagama” qrupunun təmsil edəcəyi yazılır və qeyd olunur ki, İsrail mətbuatı qrupun solisti Asəf Mişiyevin yəhudi olduğunu bildirib. Asəf Mişiyevin İsrail mediasına: “Qrupumuz həqiqətən böyük bir ailədir. Biz bunu ona görə göstərə bilərik ki, biz tolerant Azərbaycan modeli kimiyik. Mən yəhudiyəm. Dostum Həsən livanlı ərəb, dostum Arif isə azərbaycanlıdır” – açıqlamasını yayan xəbər saytı bu qədər sözün içindən nədənsə “İsrailin mahnısını çox bəyəndik” – cümləsini seçiblər.

Qeyd edək ki, bu yazıdan təxminən bir həftə sonra həmin bu saytda Türkiyənin təqaüddə olan generalı, Qarabağla bağlı romanların müəllifi Osman Qazi Kandemirin “Azərbaycan-İsrail münasibətləri gələcəyin təhlükəsizlik riskidirmi?!” başlıqlı analitik məqaləsi dərc olunub. Məqalədə general Kandemir Azərbaycan-Türkiyə münasibətlərinin önəminə toxunub və sonra iddia edib ki, çox vaxt qeyd olunmasa da, Azərbaycanla İsrail arasında inkişaf edən sıx münasibətlərin mərkəzində İran amili dayanır. Sitat: “Bu əlaqələr enerji və ya ticarətdən çox kənara çıxır. O, ümumi təhlükə qavrayışına, daha doğrusu, ümumi düşməni neytrallaşdırma strategiyasına əsaslanır”. Baş verən və baş verə biləcək situasiyaları dəyərləndirən general yenə Azərbaycan-İsrail münasibətlərini İrana qarşı formalaşan bu əməkdaşlıq dairəsinin içinə sığışdırmağa cəhd etdikdən sonra maraqlı bir məqama toxunur: “İrana qarşı birləşən bu münasibətlər təkcə Azərbaycanı deyil, Türkiyəni də getdikcə kövrəkləşən təhlükəsizlik xəttinə doğru çəkə bilər”.

Digər detal: müəllif Türkiyənin xarici siyasətini izah edərkən bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın hansısa ölkənin forpostu olmasına işarə vurur: “Türkiyənin son on ildə qəbul etdiyi strateji müstəqillik siyasəti heç bir bölgədən kənar gücün tələblərindən tamamilə asılı olmayan, tam tərsi balansları öz xeyrinə yönəldə bilən xarici siyasət xəttinə əsaslanır”. Bu sözlərdən sonra Kandemir rəsmi Ankaraya xəbərdarlıq da edir: “Ona görə də Azərbaycanın İsraillə inkişaf etdirdiyi münasibətləri anlamaq və hörmət etməklə yanaşı, bu münasibətlərin qeyri-sabitliyə səbəb ola biləcəyi ilə bağlı dostcasına, lakin açıq xəbərdarlıqlar etmək həm Türkiyənin qardaşlıq hüququna, həm də onun regional baxışına uyğun bir yanaşmadır.”

Bu məqamda kiçik bir haşiyə çıxıb Türkiyənin digər mühafizəkar, zaman-zaman Azərbaycan-İsrail münasibətlərini sərt tənqid edən “Yeni Akit” qəzetində aprelin 13-də dərc olunan “İsrailə dəstək vermişdi… Nazir Fidandan Əliyevlə bağlı açıqlama!” provokativ başlıqlı məqaləyə diqqət yetirək.

Qəzet böyük ehtimal ki, Prezident İlham Əliyevin ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda İsraillə bağlı səsləndirdiyi fikirləri nəzərdə tutaraq, bunu Hakan Fidanın Antalya Diplomatiya Forumundakı çıxışı ilə necəsə əlaqələndirmək istəyib və məqaləyə adı çəkilən başlığı qoyub.

Halbuki Hakan Fidan çıxışında yalnız Azərbaycanın Suriya ilə bağlı həyata keçirdiyi siyasətdən danışaraq aşağıdakı fikirləri səsləndirib: “Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev xüsusilə Suriya mövuzusunda Türkiyə ilə yaxından məsləhətləşmələr aparır və bərabər Suriyanın sabitliyinə, iqtisadiyyatına, infrastrukturuna və təhlükəsizliyinə necə töhfə verə bilərik mövzusunda məsləhətləşmələrimiz davam edir. Bu mövzuda təbii ki, Azərbaycanın verdiyi və verəcəyi istənilən töhfə çox dəyərlidir. Bu mövzudakı istəklərini, Türkiyə ilə bu işi əlaqələndirmə siyasətlərini yüksək qiymətləndiririk. Onsuz da Azərbaycanla Türkiyə arasında yalnız qardaşlıq duyğularının deyil, dövlət qurumları arasında son dərəcə yaxşı işləyən peşəkar iş birliyinin olduğu bütün sahələrdəki kimi, bu sahədə də ortaya çıxır”.

Qəribədir ki, forumda iştirak edən jurnalistlərdən aldığımız məlumata görə, nə Hakan Fidana həmin tədbirdə İsrail-Azərbaycan münasibətləri ilə bağlı sual verilib, nə də o, bu yönümlü hər hansı bir çıxış edib.

Bu yerdə vurğulamaq yerinə düşər ki, “Yeni Akit” qəzeti bu cür dezinformasiyaları ilk dəfə deyil ki, yayır. Belə ki, 5 may 2024-cü il tarixində SOCAR-ın Türkiyə təmsilçiyi qarşısında “Fələstin üçün 1000 gənc” marginal qruplaşmasının aksiyası başlamamışdan təxminən 20 gün öncə “Azərbaycandan Türkiyəni hiddətləndirən addım! Sərt reaksiyalar ard-arda gəlir…” başlıqlı yazı dərc edilmiş və Azərbaycan XİN-in “X” hesabından İsrailin müstəqillik gününü təbrik etməsi sərt şəkildə qınanmışdı: “Fələstin davasına böyük həssaslıq göstərən Türkiyə vətəndaşları reaksiya versə də, Azərbaycanın tənqidlər qarşısında geri addım atmadığı görünür.”

Məqalənin sonunda isə “son aylarda “İnsani Hakk ve Hurriyetler fondu” (İHH) sədri Bülənt Yıldırım Azərbaycanın Ceyhan Boru Kəməri ilə İsrail təyyarələrinə yanacaq göndərdiyini iddia etmişdi” – cümləsi qeyd olunurdu.

Onu da qeyd edək ki, son cümlədə adı çəkilən “İnsani Hakk ve Hurriyetler” Fondunun (İHH) sədri Bülent Yıldırım hər dəfə Azərbaycanla bağlı hər hansı bir mitinqdə çıxış etdikdən və ya hər hansı media qurumuna açıqlama verdikdən dərhal sonra Türkiyənin mühafizəkar mediasında Azərbaycan əleyhinə total hücumlar başlayır.

Aprelin 13-də isə yenə İHH–nın təşkilatçılığı ilə “Qəzza ölür, ayağa dur” mitinqi keçirilib. Mitinq Anadolu Agentliyi tərəfindən canlı yayınlanıb.

Həmin yürüşdə çıxış edən İHH sədri Bülənt Yıldırım Azərbaycanı təhdid edərək bildirib ki, ya Türkiyənin, ya da İsrailin yanında olmalıdır: “Azərbaycan, İsrailə neft göndərməyi dayandır! Nədir, Azərbaycana İsrail silah verib deyə onun tərəfində olmalısınız?! Pulu kimə versən sənə silah verər. Silahı verənin yox, gəlib orda savaşanın tərəfində olmaq lazımdır”. mənbə

Təbii ki, Bülent Yıldırım bu çıxışı ilə bilərəkdən hadisələri təhrif etməyə cəhd göstərir və diqqəti 44 günlük müharibədə Qərbin, erməni mediasının səsləndirdiyi əsassız “muzdlu cihadçı” yalanlarına yönəltmək istəyir.

Onun oxşar açıqlamasına 44 günlük müharibə dövründə də rast gəlmişik. O, çıxışlarından birində erməniəsilli millət vəkili Qaro Paylanın dediyi “Azərbaycanda baş verən müharibə ucbatından Türkiyədəki erməni vətəndaşlar hədəf seçilib” sözlərini təkrarlayırdı.

Bu gün “Azərbaycan İsrailə neft satışını dayandırmalıdır” deyən Bülənt Yıldırım 2020-ci ildə “Biz müsəlmanıq, erməni vətəndaşlarımızı narahat etməməliyik” tipli bəyanatlar verirdi.

Təəccüblü deyil ki, o vaxt oxşar fikirləri HDP-li millət vəkili Ömer Faruk Gergerlioğlu da səsləndirib.

Azərbaycan əleyhinə yazılan yazılardan digər birinə mühafizəkar media qurumlarından olan “Milat” qəzetində rast gəlirik. “Əliyev Türkiyəni müttəfiq, İsraili isə dost adlandırıb” başlıqlı yazıda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəni “müttəfiq” səviyyəsində saxlamaqla yanaşı, İsraili “dost” adlandırıb. Bu açıqlama Türkiyə ictimaiyyətinin sərt reaksiyası ilə qarşılanıb.

“Milat” qəzeti iki gün öncə İHH fondunun təşkilatçılığı ilə baş tutan “Qəzza ölür, ayağa dur!” mitinqi ilə bağlı xüsusi material hazırlamış, Bülent Yıldırımın açıqlamalarına yer vermişdir.

Onu da xatırladaq ki, “Yeni Akit” qəzeti isə ötən il Bülent Yıldırımın “Mavi Mərmərə” gəmisi ilə bağlı aksiyaların yenidən başlayacağını bildirəndə bu media qurumu hətta şirkətin idarə heyətinin sədri səviyyəsində bu fondun bütün tədbirlərinə dəstək olacağını ilk elan edən qurum olmuşdur.

Yenidən “Independent Türkce”yə qayıdaq. Azərbaycanla bağlı uzun illər dezinformasiyalar hazırlayan, davamlı olaraq Azərbaycan haqqında neqativ yazılar yazan Mais Əlizadənin (bir neçə ay əvvəl dünyasını dəyişib-red.) yazılarını dərc edən bu saytın rəhbəri Nevzat Çiceyin uzun illər Bülent Yıldırımla bərabər çalışması, hətta onun məhz Bülent Yıldırımın dəstəkləri ilə “Timeturk” portalının rəhbərliyinə gətirilməsi Türkiyə mediasında bilinən həqiqətlərdəndir. Onu da qeyd edək ki, Nevzat Çiçeyin rəhbərlik etdiyi media qurumu Azərbaycanda daha çox müxalif kəsimlə əlaqə saxlamaq, Azərbaycan haqqında neqativ materiallar hazırlamaq (2015-ci ildə Azərbaycanlı jurnalist Ceyhun Aşırov (həmin dövrdə Furkan Azeri kimi tanınırdı) Azərbaycana gəlib və “Timetürk” üçün Tofiq Yaqublunun qızı Nigar Yaqubludan müsahibə almışdı), Azərbaycanı Türkiyə ictimaiyyətində mənfi xarakterizə etmək üçün illərdən bəri toplanmış təcrübəsi var.

Nəticə:

•Son günlərdə Azərbaycan ilə bağlı Türkiyə mediasında dərc olunan materiallar ölkəmizlə bağlı türk ictimai fikrini yayındırmağa hesablanıb;

•İstər “Independent Türkcə”, istər “Yeni Akit”, “Milat” qəzetlərinin, istərsə də “Timetürk” xəbər portalının rəhbərliyi İHH (İnsani Hakk ve Hurriyetler) Fondu adlı QHT-nin “Qəzza manipulyası”nın oyuncağına çevriliblər;

•Həmin qurumun əvvəllər və son həftələrdə keçirilən aksiyalarda Azərbaycanla bağlı səsləndirdiyi iddialar tamamilə əsassızdır.