Türkiyə-Ermənistan sərhədi açılır? – Bu körpü yoxlanıldı

0
136

2022-ci ilin dekabrında Türkiyə-Ermənistan işçi qruplarının sərhəddən çox da uzaq olmayan Ararat bölgəsində (Ağrı dağı, Vedi rayonu) görüşündən sonra Marqara körpüsündən nümunələr götürülüb.

Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr dekabrda, görüşdən sonra hansı işlərin aparıldığını, Ermənistan-Türkiyə sərhədlərinin açılması prosesinin hansı mərhələdə olduğunu bilmək istəyi ilə Ermənistan Xarici İşlər Nazirliyinə yazılı sorğu göndərib.

İnformasiya və Diplomatiya Departamentindən cavab olaraq bildirilib ki, Ermənistan və Türkiyə arasında işçi qruplar səviyyəsində iyulun 1-də keçirilən görüşdən sonra əldə olunmuş ikitərəfli razılaşmaların icrası prosesi gedir. O da qeyd edilir ki, Ermənistan və Türkiyə nümayəndələrinin növbəti görüşünün nə vaxt keçiriləcəyi məlum deyil.

Bundan əvvəl Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın müsahibəsində bildirib ki, noyabrın əvvəlində sərhəddə Ermənistan və Türkiyənin texniki nümayəndə heyətlərinin görüşü baş tutub. Üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədindən quru nəqliyyatının açılması ilə bağlı məsələlər müzakirə edilib. Bununla bağlı nümayəndə heyətləri körpünün təmiri, gömrük nəzarəti və texniki hazırlıq məsələlərini işləyiblər.