Rusiyanın Nəqliyyat Nazirliyi, Federal Hava Nəqliyyatı Agentliyi və Türk Hava Yolları Türkiyə ilə Rusiya Federasiyası arasında mayın 9-dan etibarən uçuş proqramını tam bərpa etmək barədə razılığa gəliblər.
Bu barədə Rosaviasiyanın nümayəndəsi Artem Korenyako “Telegram” kanalında məlumat verib .
O qeyd edib ki, cümə axşamı, mayın 8-də ləğv edilən reyslər “Azur Air” və “SouthWind” aviaşirkətləri tərəfindən yerinə yetiriləcək.
Həmçinin vurğulanıb ki, türk hava daşıyıcısı mayın 9-da öz cədvəlinə əlavə uçuşların daxil edilməsi imkanları üzərində işləyir.
Korenyako daha əvvəl bildirib ki, Rosaviasiya Rusiyaya uçuşlarla bağlı vəziyyətlə bağlı Türk Hava Yolları aviaşirkəti ilə dialoq aparır.
Mayın 8-də məlum olub ki, Türk Hava Yolları Türkiyənin Antalya, Dalaman və Bodrum kurortlarından Rusiyaya bu günə planlaşdırılan bütün reysləri ləğv edib. Turizm sənayesindəki mənbə bildirib ki, qərar Rusiya hava limanlarında uçuşların təxirə salınması və ləğv edilməsi ilə bağlı olub – Antalyadan Moskva və Sankt-Peterburqa ən azı 16 reys təxirə salınıb .
Mayın 7-nə keçən gecə Moskva yeni pilotsuz təyyarə hücumuna məruz qalıb və bu, paytaxt hava limanlarında əməliyyatların dayandırılmasına və reyslərin böyük ləngiməsinə səbəb olub.