Türk dövlətləri ortaq əlifbadan necə istifadə edəcəklər? – DETALLAR

0
86

Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir. Məlumata görə, əlifba üzərində işlər 2026-cı ilə qədər tamamlanacaq. Hazırda istifadə olunan latın hərflərində heç bir dəyişiklik olmayacaq. Təşkilata üzv dövlətlər müəyyən edilən 34 hərf arasından öz səs quruluşlarına uyğun olanlardan istifadə edəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri, akademik Möhsün Nağısoylu açıqlamasında bildirib ki, bununla bağlı türk dövlətləri arasında razılaşma əldə edilməlidir:

“Bir vaxtlar klassik ədəbiyyatda olan “sağır nun” müasir dövrdə özünü yalnız dialektlərdə göstərir. Yəni hər ölkənin əlifbası fərqlidir. 34 hərfi müəyyənləşdirmək üçün hər bir türk dövləti ayrılıqda bu məsələni müzakirə etməlidir. Bu əlifbanı əlavə dərs kimi keçmək olmaz.

Ona görə ki, əlifba təsdiq olunur, daha sonra ona uyğun olaraq dərsliklər tədris olunur. Son əlifbaya baxsaq görərik ki, Azərbaycan əlifbası əsas götürülüb. İndi atılan addımlar ilkin mərhələdir. Hələ çox müzakirələr gedəcək və dövlət səviyyəsində həll olunacaq”.

Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası Bakıda keçirilən toplantısından sonra bəyanat verib. Bəyanatda qeyd edilir: “Ortaq türk əlifbası türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığa təkan verir. Bütün türk xalqlarının latın qrafikasında yazıb-oxuması dünya mədəniyyətinə inteqrasiya deməkdir”.

Bu prosesdə türkdilli ölkələr, xüsusilə Qazaxıstan öz əlifbalarını yeni hərflərə uyğunlaşdıracaq. Qazaxıstanın bununla bağlı başladığı işlər diqqəti cəlb edir. Qazaxıstanın dil siyasəti ilə bağlı yeni dövlət proqramı qazax dilinin latın əlifbası əsasında müasirləşdirilməsini nəzərdə tutur.

Xalq şairi Sabir Rüstəmxanlının sözlərinə görə, ortaq türk əlifbası bir sıra çətinliklər yaradacaq:

“Türkiyə əlifbası 29 hərfdən ibarətdir. Bu gün yaradılan əlifbada isə 34 hərf var. Bu, çox ciddi fərqdir. Hər səsə hərf tapmaq şərt deyil. Əsas olan odur ki, türk dövlətləri bir-birinin dilini anlasın. Azərbaycan və Türkiyə əlifbaları arasında fərq var. Buna baxmayaraq bir-birimizi başa düşür, rahat danışa bilirik.

Ortaq türk əlifbası təsdiq olunsa belə, bir sıra fərqlər qalacaq. Bu, elə də uğurlu olmayacaq. Bütün hallarda türk respublikaları üçün əlifba böyük irəliləyişdir. Lazımdır ki, bu əlifba bütün türk respublikalarında öyrədilsin. Bu islahatın üstündə təkrar-təkrar işləmək lazımdır ki, uğur əldə edilsin”.