Turistləri heyran qoyan İlisu kəndinin bitmək bilməyən su problemi – FOTO

0
293

Qax rayonu İlisu kəndində yaşayanlar su problemindən əziyyət çəkir.

Bu barədə İlisu kənd sakinləri tərəfindən müraciət daxil olub. Sakinlər iddia edirlər ki, kəndimizdən iki çay axmasına baxmayaraq, biz qışda su üzünə həsrət qalırıq:

“İlisu Azərbaycanın tanınmış kəndlərindən biridir. Lakin insanlar qışda burada zülm çəkir. Qadınlar qab və paltar yuya bilmir. Kəndimizə iki dəfə investisiya layihəsi çərçivəsində su çəkilib lakin iki aydan sonra vəziyyət yenə köhnə hamam, köhnə tas olub. Problemin köklü həlli istiqamətində heç bir addım atılmır. Yayda kəndimiz çoxsaylı turist qəbul edir. Kənd sakinləri isə bu cür səfalı, turistik məkanda biabırçı vəziyyətdə yaşayır. Yaşlı insanlar buzlu yollarla ağır qablarda su daşımağa məcbur olurlar”.

Sakinlərin sözlərinə görə, İlisu kəndi Vətən müharibəsində 20-dən çox şəhid verib:

“Yayda hamı istirahət üçün İlisuya üz tutur, amma qışda heç kim bizim hansı vəziyyətdə yaşadığımızı düşünmür. Xahiş edirik aidiyyəti qurumlar bizim səsimizi eşitsin”.