Tuğ kəndindəki alban məbədi əsl sahiblərinə qaytarılır

0
453

“Bu gün tarixi ədalət bərpa olunub: 12 və 13-cü əsrə aid Yohan Alban xristian kilsəsində Alban-udi xristian dini icması öz ibadətini həyata keçirir. Qarabağın digər məbədlərində olduğu kimi bu irs də Azərbaycana məxsusdur”.

Bu sözləri Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinin direktoru Rəvan Həsənov Alban-Udi xristian dini icmasının işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfəri zamanı deyib.

O bildirib ki, bu irsin mənimsənilməsi istiqamətində ermənilər digər yerlərdə olduğu kimi çox cəhdlər həyata keçiriblər:

“Burada daş üzərinə sonradan əlavə olunmuş erməni dilində yazıların şahidi olduq. Adi gözlə belə bu yazıların sonradan yazıldığını görmək mümkündür. Ancaq tarixi saxtalaşdırmaq o qədər də asan deyil. Bunun üzərində alimlər işləyəcəklər. Tarixi faktlar dünya ictimaiyyətinə çatdırılacaq”.

R.Həsənov qeyd edib ki, bu məbəd bərpa olunacaq və varisləri olan udilərə geri qaytarılacaq:

“Onlar burada öz ibadətlərini Azərbaycanın digər yerlərində olduğu kimi sərbəst icra edə biləcəklər. Bu qədim irsin ermənilərlə qətiyyən bağlılığı olmayıb. Bu azərbaycanlılara məxsus olub. Burada 26 dildə danışan tayfalar olub. Onlardan elə ən böyüyü Azərbaycan türkləridir.

Eyni zamanda Həvari kilsəsi 1836-cı ildə rus çarının fərmanı ilə qriqoryan kilsəsinə verilmişdi.

Həvari kilsəsinin yeganə daşıyıcıları udilərdir. Onlar kompakt şəkildə Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Onlar əsrlərin keçməsinə və müxtəlif təzyiqlərə baxmayaraq, öz adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlaya biliblər. Azərbaycanın apardığı siyasətin məqsədi ölkədə olan bütün xalqlar və inancların sərbəst şəkildə cəmiyyətdə təmsil olunmasıdır”.