“TRT World” Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb – VİDEO – FOTO

0
704

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı – “TRT World” Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb.

Kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb.

“TRT World”ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana – illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir. Bildirir ki, toqquşma zamanı hər iki tərəf itki verib. Azərbaycanlı əsgərlər həqiqətən də Birinci Dünya müharibəsinin mənzərəsini xatırladan səngərlər qazıblar. Burada gərginlik hələ də yüksəkdir, hər an gözlənilmədən döyüş yenidən başlaya bilər. Tovuzda baş verən toqquşma həqiqi narahatlığa səbəb oldu. Bu toqquşma müharibəyə çevrilə bilərdi.

Reportajda sərhəddə xidmət edən leytenant Ülvi Vəlizadənin aşağıdakı fikirlərinə yer verilir: “Mən döyüş başlayan ilk saatlardan, ilk dəqiqələrdən sırf döyüş mövqeyindəyəm. Əvvəlcə düşmən minaatanlardan, digər iriçaplı silahlardan atəş açmağa başladı. Üç gün şiddətli döyüşlər getdi. Mən də düşmənlə bilavasitə təmas xəttində döyüşlərdə iştirak etdim. Düşmənin təxribatının qarşısı silahlı qüvvələrimiz tərəfindən alındı və o, geri oturduldu”.

Tovuzun tarixi haqqında məlumat verən müxbir qeyd edir ki, bu rayon Qafqazın ən zəngin kənd təsərrüfatı mərkəzlərindən biridir və o, istehsal etdiyi konyakı ilə məşhurlaşıb.

Reportajda ermənilərin açdıqları atəş nəticəsində dağıdılmış evlər, mülki insanların vəziyyəti nümayiş etdirilir. Müəllif deyir ki, bu evlərə baxdıqda ağır atışmanın dağıdıcı nəticəsini görürsən. Dünyadakı digər münaqişələrdən gördüyümüz odur ki, mülki şəxslər bu cür döyüşün ən pis tərəflərinə belə dözərək öz evlərində yaşamağa öyrəşiblər.

Tovuz rayonunun sakini Elman Əsədullayev deyir ki, ermənilər artıq 30 ildir Azərbaycana hücum edirlər. Biz hər zaman sülh tərəfdarı olmuşuq, məsələnin danışıqlar yolu ilə həllini istəmişik. Lakin onlar hücum edib bizim mülki insanları öldürürlər. Fikrimcə, onlar qəsdən belə edirlər ki, bizi təxribata cəlb etsinlər. Sonra da “bizə kömək edin” deyib beynəlxalq ictimaiyyətə yalvarmağa başlasınlar. Bura bizim torpağımızdır.

Müəllif bildirir ki, son toqquşma Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla danışıqları ciddi tənqid edəndən bir həftədən az müddət keçdikdən sonra başladı. Ermənistan Dağlıq Qarabağ regionu daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır.

Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə geniş yer verilib.

Hikmət Hacıyev qeyd edir ki, əslində, Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycanın bəzi gözləntiləri var idi. Azərbaycanın gözləntisi var idi ki, Paşinyan çox güman Ermənistanın rəhbərliyindən fərqli siyasət yürüdəcək: “Azərbaycan Prezidentinin Paşinyanla Düşənbə görüşünü xatırlatmaq istərdim. Ermənistanın baş naziri ona ölkəsində bir sıra işlərin görülməsi, parlament seçkilərinin keçirilməsi və s. üçün vaxt verilməsini xahiş etdi. Biz danışıqlar prosesində konstruktiv öhdəliyi təmin etdik və vaxt verməyə, tərəfimizdən atəşkəs rejiminin təmin edilməsinə çalışdıq. Lakin təəssüflər olsun ki, biz qarşılıq görmədik. Ermənistan hökuməti destruktiv siyasətinə davam etdi. İlk olaraq bu, yeni ərazilərə iddia və Ermənistanın müdafiə naziri tərəfindən yeni müharibələrə açıq çağırışın əks olunduğu aqressiv hərbi doktrina ilə başladı. Sonra Ermənistanın təhlükəsizlik naziri bildirdi ki, Azərbaycan ərazisinin bir qarışı da qaytarıla bilməz. Daha sonra Paşinyan qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycandır və nöqtə.

Müxbir bildirir ki, iyulun 14-də Azərbaycan generalını itirməklə ən böyük itkilərindən birini verdi. Minlərlə insan Bakının küçələrinə axışdı. Onlar Ermənistanla müharibəyə və Ermənistan tərəfindən işğal edilmiş Qarabağın azad edilməsinə çağırış səsləndirdilər.

Müəllifin “Cənubi Qafqazda baş verənlər hər zaman digər regional gücləri də özünə cəlb edəcək. Rusiya ordusu Tovuz döyüşündən qısa zaman sonra təəccüblü hərbi təlim keçirdi. Ermənistanın Rusiya ilə uzun müddət davam edən müttəfiqliyi var. Biz bu yaxınlarda Rusiya ordusunun ölkənin Azərbaycandan uzaq olmayan cənub-qərbində böyük hərbi təlim keçirdiyini gördük. Bu sizi narahat etdi?” sualına cavabında Prezidentin köməkçisi deyir: “Bəli, bizim bəzi narahatlığımız var idi və biz rusiyalı tərəfdaşlarımızla əlaqə qurduq. Rusiya da qonşu ölkədir və bu eskalasiyanın ortasında Rusiyanın ərazisində intensiv hərbi təlim keçirməsi barədə məlumat var idi. Ermənistan diviziyası da bu prosesə qoşuldu, lakin bizim Müdafiə Nazirimizin Rusiyanın Müdafiə naziri ilə danışığı oldu və biz bu iki hadisənin heç bir vəchlə bir-biri ilə əlaqəsinin olmamasına əmin olduq”.

Müxbir: Lakin buna baxmayaraq, Kremlin döyüşlərin ortasında yüzlərlə silah-sursatı İranın hava ərazisi ilə Ermənistana ötürməsi barədə hesabatlar üzə çıxdı. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaldırdı. Azərbaycan ilə uzun zamandan bəri strateji tərəfdaş olan Türkiyə isə buna Azərbaycan Ordusu ilə birgə təlimlər keçirməklə cavab verdi. Bu, Ermənistana səhv etməməsi üçün bir mesaj idi. Azərbaycanın Ermənistan ilə 1994-cü ildə atəşkəs müqaviləsi imzalamasına baxmayaraq, münaqişə o zamandan bəri qeyri-müəyyən fasilələrlə davam edir. Azərbaycanın hərbi rəhbərliyi gərginliyin əsas səbəbləri həll edilməyincə daha çox toqquşmanın baş verəcəyi barədə xəbərdarlıq edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı reportajda deyir: “Hərbçi olaraq bizim vəzifəmiz müharibəyə hazır olmaqdır. Azərbaycan Ordusu istənilən halda münaqişənin hərbi yolla həll olunmasında iştirak edə bilər. 2016-cı ildə Azərbaycan Ordusu münaqişənin hərbi yolla həll olunmasının mümkünlüyünü göstərdi. Bir sözlə, Azərbaycan Ordusu müharibəyə hazırdır.

Ali Baş Komandanın tapşırığına əsasən, 2014-cü ildən başlayaraq Azərbaycan Ordusunda genişmiqyaslı islahatlara start verildi. Xüsusilə şəxsi heyətin komplektləşdirilməsi, ordunun müasirləşdirilməsi, ən yüksək dəqiqliyə malik silahların alınıb yerləşdirilməsi məsələsi. Erməni tərəfi itkilərinin çox az olduğunu desə də, amma bizim apardığımız çəkilişlər və əldə etdiyimiz əməliyyat məlumatları onu deməyə əsas verir ki, ölü və yaralı olaraq düşmən tərəfi yüzlərlə itki verib”.

Jurnalist: Münaqişə geosiyasi baxımdan bir çox nəticələrə səbəb ola bilər. Milyardlarla dolların idarə olunması təhlükə altında düşə bilər. Uinston Çörçil demişdir: Əgər neft kraliçadırsa, Bakı onun tacıdır. Ən son döyüş strateji Gəncə boşluğunda baş verib. Bu ticari dəhliz yüz kilometr uzunluğundadır və üç əsas neft və qaz borusundan Qərbə tonlarla enerji resursları ötürür. Mən SOCAR-ın vitse prezidenti Elşad Nəsirovla söhbət edərək Ermənistanla gərginliyin dünyada neft daşımalarına necə təsir etdiyini öyrəndim.

Elşad Nəsirov: “Vəziyyət çox ciddidir. Çünki burada təkcə Azərbaycanın təhlükəsizliyi deyil, Avropada enerji təhlükəsizliyini təmin edən infrastruktur təhlükədədir. Əgər siz Avrasiyanın xəritəsinə baxsanız şimaldakı Barens dənizindən cənubdakı Fars körfəzinə qədər Azərbaycanın üzərində olduğu meridianda yalnız üç ölkə olduğunu görərsiniz. Şimalda Rusiya, cənubda İran və ortada Azərbaycan. Beləliklə, Xəzərin enerji resurslarını Avropa İttifaqı ölkələrinə çatdıra biləcək dəhliz Azərbaycan, Gürcüstan və Türkiyədir”.

Oubai Şahbandar diqqətə çatdırır ki, yüz minlərlə azərbaycanlı Qarabağın işğal olunmuş şəhər və kəndlərindəki ata-baba yurdlarından kütləvi şəkildə qovulub. Bu, Azərbaycan və Ermənistan arasındakı münaqişənin əsas problemlərindəndir. Azərbaycan icmasının nümayəndələri bildirirlər ki, bir gün ermənilərlə birlikdə yaşamaq mümkün ola bilər, lakin onlar öz torpaqlarına geri qayıtmadan uzunmüddətli sülh real deyil.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev:

Ermənistanla Azərbaycan sərhədində yaşanan ən son gərginlik və Ermənistan silahli qüvvələrinin Azərbaycanın digər torpaqlarına da hücum və işğal etmək cəhdləri vəziyyətin nə dərəcədə həssas olduğunu və bu münaqişənin ən tez zamanda həll edilməsinin zəruriliyini göstərdi. Ermənilərin bu özbaşınalığı üçüncü onillikdir ki, davam edir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətraf rayonlarını işğal altında saxlayır. Bu dəfə isə gərginlik Azərbaycanın işğal olunmuş regionlarında yox, Dağlıq Qarabağdan 130 kilometr aralıda baş verdi. Bu da onu göstərir ki, bu Ermənistanın Azərbaycana qarşı planlaşdırılmış hücumudur. Bizim böyük ümidlərimiz var ki, öz doğma torpaqlarımıza qayıdacağımız günlər gəlib çatacaq və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini və pozulmuş hüquqlarımızı bərpa edəcəyik. Atəşkəs hər zaman davam etmək üçün deyil. Buna görə də bizim üçün çox vacibdir ki, bu münaqişəni ən tez zamanda həll edək. Yoxsa bu növbəti nəsillər üçün çox ağır bir yük olacaq.

Jurnalist deyir ki, tarixin ağır yük daşıması çətinliklərə gətirib çıxara bilər. Bakının qədim hissəsində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş abidə var. Bununla bağlı Hikmət Hacıyev deyir: “Bu abidə 1918-ci ili xatırladır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, Türkiyə bolşevik və daşnak ordularının Bakıda törətdikləri qətliamla mübarizədə Azərbaycana qardaş əlini uzatdı. Yüz il sonra – 2018-ci ildə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri Bakının küçələrində yeni və köhnə formalarla yürüş etdilər.

Sonda müəllif vurğulayır ki, dondurulmuş münaqişə olmur. Münaqişə kökündən həll olunanadək münaqişə olaraq qalır. Əgər həll olunmasa o partlaya bilər. Biz Azərbaycandan bir daha ayrılmağa hazırlaşarkən mən özümdən asılı olmayaraq düşündüm ki, görəsən bir də nə vaxt bu gözəl ölkəyə bu savaşın yeni qığılcımını işıqlandırmaq üçün qayıtmalı olacağam. Bu münaqişənin sonu hələ görünmür.