Trampın Müdafiə Nazirliyinə namizədliyini irəli sürdüyü “Fox News” telekanalının aparıcısı Pit Heqsetlə bağlı bəzi iddialar irəli sürülüb. Heqsetin 2015-ci ildə veteranlar qrupunun tədbirində sərxoş halda “Bütün müsəlmanları öldürün” deyə qışqırdığı iddia edilib.
ABŞ-da Ağ Evin 47-ci prezidenti seçilən Donald Trampın kabinetinə namizədlərlə bağlı qalmaqalların ardı-arası kəsilmir. Vaşinqtonda nəşr olunan “The New Yorker” jurnalının xəbərinə görə, 2017-ci ildə bir qadına cinsi təcavüz etdiyi iddiası ilə bağlı daha əvvəl polis hesabatı dərc edilən Heqsete qarşı iddialara yenisi əlavə edilib.
Xəbərdə Trampın Müdafiə Nazirliyinə namizədi Heqset 29 may 2015-ci ildə Ohayoda veteranlar qrupu üçün keçirilən tədbirdə dəfələrlə “Bütün müsəlmanları öldürün” deyə qışqırmaqda günahlandırılır.
ABŞ-ın ən böyük müsəlman vətəndaş haqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR) Milli İcraçı Direktoru Nihad Avad yazılı açıqlamada Heqsetin müdafiə naziri vəzifəsinə namizəd kimi tamamilə yararsız olduğu barədə xəbərdarlıq edib.
“Bir dinin bütün tərəfdarlarını qətlə yetirməyə çağıra bilən şəxs, hətta sərxoş olsa da, mühüm vəzifə tutmaq hüququndan məhrum olmalıdır”, – CAIR bildirib.