Trampın ətrafı məğlubiyyətə hazırlaşmağı tövsiyə edir – “The Washington Post”

0
361

Donald Trampın ətrafı ona prezident seçkilərini uduzmağa hazırlaşmağı tövsiyə edir. Bu barədə «The Washington Post» qəzeti xəbər verir.

Son iki gündə fəaliyyətdə olan dövlət başçısının müşavirləri onunla seçkilərdə məğlubiyyət perspektivini və belə nəticənin olacağı təqdirdə necə hərəkət edilməli olacağını müzakirə ediblər.

Nəşr yazır ki, Trampın ətrafındakı bəziləri hesab edirlər ki, əgər Bayden prezident seçkilərinin qalibi elan edilsə, o, hakimiyyətin dinc yolla ötürülməsini təmin edəcək açıq bəyanat verməlidir.

Qəzet qeyd edir ki, uduzacağı təqdirdə Tramp məğlubiyyətini ənənəvi formatda etiraf etməyəcək və «alicənab və geniş qəlbli çıxış etməyəcək».

Qəzetin mənbələrindən biri həm də iddia edir ki, belə çıxışa hazırlıq məsələsi ümumiyyətlə, müzakirə olunmayıb.

«Əgər o, məğlub olsa, onlar gözləyirlər ki, Tramp əsassız olaraq seçkilərin oğurlandığını bəyan edəcək, necə ki, bir neçə gündür belə edir» – qəzet yazır.

Bundan başqa, seçkilərdən bir gün sonra, nəşrin məlumatına görə, prezident etiraf edib ki, onu ağır döyüş gözləyir.

Fəaliyyətdə olan prezidentin ətrafı iki düşərgəyə bölünüb. Tramp və ailəsi hələ də qələbəyə ümid bəsləyir və hesab edir ki, Tramp mübarizəni davam etdirməlidir.

Tərəfdarlarından və Respublikaçı partiya üzvlərindən ibarət ikinci qrup isə hesab edir ki, «prezidentlik əldən çıxıb».

Ancaq, Baydenin qələbəsi məsələsinin həll olunduğunu düşünənlər bu xəbəri Trampa necə çatdıracaqlarını bilmirlər.