Tramp və Putinin Bakıya məktubundakı fərqlər

0
515

28 May Respublika günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına dünya ölkələrinin liderlərindən çoxsaylı təbrik məktubları gəlir. Bunlardan ABŞ Prezidenti Donald Trampın və Rusiya lideri Vladimir Putinin məktublarını müqayisə etməyə dəyər.

Bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O məktublar arasındakı fərqi və vacib məqamları diqqətə çatdırıb:

“Aydındır ki, məktubları prezidentlər özləri yazmırlar, buna onların vaxtı yoxdur, dövlət başçıları müşavirlərinin hazırladıqları mətnləri oxuyub kiçik düzəlişlərlə imza atırlar. Buna baxmayaraq, məktublardakı tezislər çox nəsnədən xəbər verir. Birincisi, Donald Trampın təbrik məktubu Vladimir Putinin təbrik məktubundan daha geniş və konkretdir. Putinin məktubunda Dağlıq Qarabağ münaqişəsindən bir kəlmə də yoxdur, halbuki Trampın məktubunda bu mövzuya xüsusi diqqət ayrılıb. Putinin məktubunda Azərbaycanla tərəfdaşlığın qarşısında “strateji” sözü var, Tramp isə “güclü tərəfdaşlıq” ifadəsindən istifadə edib.

Ən vacibi Tramp İlham Əliyevə göndərdiyi bütün məktublarda olduğu kimi, Cənub Qaz Dəhlizi təşəbbüsündən və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində oynadığı önəmli roldan söz açıb. Putinin məktubunda enerji əməkdaşlığı ilə bağlı bir cümlə belə yoxdur. Çünki belə bir əməkdaşlıq yoxdur”.

Qeyd edək ki, 28 May Respublika günü ilə əlaqədar olaraq bir sıra dövlət başçıları, o cümlədən ABŞ və Rusiya prezidentləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.