Prezident Donald Trampın rəhbərliyi altında ABŞ Ukraynaya hərbi dəstəyi azalda bilər, lakin dayandırmayacaq.
Bu fikri NATO-nun hərbi komitəsinin rəhbəri, italyan admiral Cüzeppe Kavo Draqone “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, ABŞ yardım proqramlarına yenidən baxa və ya yenidən təşkil edə bilər, lakin onlardan tamamilə imtina etməyəcək.
Admiral vurğulayıb ki, Avropanın Ukraynaya dəstəyi artıq əsas rol oynayır və İsveç, Finlandiya, Hollandiya, Kanada və Böyük Britaniya kimi ölkələrdən mühüm töhfələr gəlir. Tramp Avropaya daha çox məsuliyyət götürmək və silah siyasətini yenidən nəzərdən keçirmək imkanı verən yardımı kəsə bilər.
Draqone həmçinin bildirib ki, Rusiya və ABŞ rəhbərliyi arasında təmaslardan asılı olmayaraq, NATO-nun Ukraynaya dəstək üzrə mövqeyi dəyişməz qalır. O deyib ki, alyans “zəif mövqedən” danışıqlar aparmamaq üçün Ukraynaya dəstəyi davam etdirməyi zəruri hesab edir.
NATO-nun hərbi komitəsinin rəhbəri əlavə edib ki, sadəcə münaqişəni dondurmaqla sülhə nail olmaq olmaz.