Avqust ayı sona yaxınlaşdıqca ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və ictimai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır.
Ümumdünya Səhiyyə Təşkilatı da artıq karantin tədbirlərinin tətbiqini məqsədəuyğun hesab etmir. İqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantinin tətbiq edilməsi heç kəs üçün arzuolunan deyil.
İnsanları düşündürən isə digər vacib məqam var. Necə deyərlər həm vacibdir, həm də qəliz. Söhbət altı aydır həsrət qaldığımız toylardan gedir. Düzdür, son yaşananlar göstərdi ki, bəziləri səbrsizlik göstərərək qaydaları pozur, toyu toplantı adı ilə qeyd edirlər, ancaq unutmayaq ki, səbrlə qaydaların yumşalmasını gözləyənlər də var.
Millət Vəkili Vüqar Bayramov hesab edir ki, noyabr ayından etibarən həm qapalı, həm açıq məkanlarda toyların keçirlməsinə icazə verilməlidir.
Qida mütəxəssisləri isə hesab edir ki, toy mərasimlərinin keçirilməsinə icazə veriləcəyi təqdirdə süfrə mədəniyyəti də formalaşmalıdır. Toylarda bəzi yeməklərdən imtina olunmalıdır. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var.
Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir.