Toylarda zəhərlənmələrin ilginc səbəbi – AQTA araşdırmaya başladı

0
568

Paytaxtda bazar tapmayan işbazlar sərinləşdirici rəngli içkiləri regionlarda şadlıq sarayları və restoranlara satırlar

 Son günlər regionlarda toylarda zəhərlənmə hadisələri tez-tez baş verir. Dünən daha bir zəhərlənmə hadisəsi İsmayıllı rayonunda qeydə alınıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qida zəhərlənməsi ilə bağlı ümumilikdə 33 nəfər müraciət edib. Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 33 nəfərin qidadan zəhərləndiyi məlum olsa da, onların zəhərlənməsinə hansı qidanın səbəb olduğu hələ tam dəqiqləşməyib. E.Hacıyev ilkin ehtimal kimi qonaqların şirədən, yaxud da paytaxt salatından zəhərləndiklərinin ehtimal edildiyini bildirib:

“Evdə zəhərlənmə zamanı insanın hansı qidadan zəhərləndiyini müəyyən etmək asan olur. Amma toyda qida çeşidləri müxtəlif olduğundan, zəhərlənmənin səbəbini tapmaq bir qədər çətindir. Odur ki, hazırda bu istiqamətdə iş aparılır, nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Spirtli içkiləri saxtalaşdıranlar iş başında yaxalandı>>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, AQTA tərəfindən İsmayıllıda baş verən hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra araşdırma qrupu yaradılaraq hadisə yerinə ezam olunub:

“Hadisənin hansı səbəblərdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

A.Fərziyeva zəhərlənməyə hansı qidanın səbəb olduğunu indidən söyləməyin çətin olduğunu bildirib.

Qeyd edək ki, iki gün öncə Şəkidə də toyda zəhərlənmə hadisəsi baş verib. Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər. Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, son günlər el şənliklərində zəhərlənmə hadisələrinin baş veməsi qida təhlükəsizliyi məsələsini gündəmə gətirib. E.Hüseynovun sözlərinə görə, keyfiyyətsiz sərinləşdirici rəngli içkilərin el şənliklərində istifadəsi ciddi problemə səbəb olub: “Biz artıq bir limonadla bağlı aidiyyatı qurumlara müraciət etmişik. Amma regionlarda gizli sexlərdə belə saxta rəngli sular çox istehsal olunur. Hətta paytaxtda buna bazar tapmayan işbazlar həmin içkiləri regionlarda şadlıq sarayları və restoranlara satırlar. AQTA bu məsələyə ciddi nəzarət etməlidir. Çünki həmin rəngli su və limonadların çoxunun şüşəsi məişət tullantılarının atıldığı yerlərdən yığılaraq təkrar qablaşdırılır. Buna görə də son günlər el şənliklərində ardı-arda zəhərlənmə hadisələrinin şahidi oluruq”.