Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Şəkidə kütləvi zəhərlənmə faktı ilə əlaqədar birgə məlumat yayıblar.
Avqustun 25-i Şəki şəhərində yerləşən “Firuzə” şadlıq sarayında keçirilmiş toy məclisində iştirak edən, təxminən, 400 nəfər qonaqdan 57 nəfərinin (24-ü qadın, 1-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.
Rayon polis şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də, Qida Təhlükəsizlik Agentliyinin Şəki regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Fakta görə polis şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları qəbul etdikdən sonra halları pisləşib, dərhal rayon mərkəzi xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərilməklə evə buraxılıb.
Hazırda iş üzrə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.