Tovuzda sahibkarlar “qan ağlayır”, iki nazirlik susur

0
464

Pandemiyadan zərər çəkən sahibkarların heç də hamısı dövlətdən kompensasiya ala bilməyib. Dərdini danışan Tovuzun Aşağı Quşçu kənd sakini, sahibkar Firuz Məmmədov İmanoğlunun sözlərinə görə, onun soyuducu anbar kompleksi var. Sahibkar bildirir ki, soyuducu anbar kompleksində onunla yanaşı digər fermerlərin üzümü qalıb. Martda satışını nəzərdə tutan fermerlər pandemiyaya görə məhsullarını sata bilməyiblər. F.Məmmədov bildirir ki, onların məqsədi əllərində qalan tonlarla üzümü dəyər-dəyməz qiymətinə də olsa satıb növbəti əkin-becərməyə hazırlaşmaqdır. “Biz böyük məbləğdə ziyan eləmişik. Bazarlar işləmir, martda hər yer bağlandı, üzüm soyuducu anbarında qaldı. Üzümün mayası 1,20 manatdır. Biz 60 qəpikdən də satmağa razıyıq. Halbuki, 1, 40 manatdan satışını nəzərdə tutmuşduq”.

Sahibkarlar qeyd edirlər ki, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və prezidentə kompensasiya üçün müraciət ediblər: “Ancaq bizə heç nə deyilməyib. Biz satış edə bilmiriksə, bağları necə becərək? Təzədən bir məhsul üçün 5 il gözləməliyik”. Sahibkarların sözlərinə görə, ümumilikdə fermerlərin əlində 350 ton üzüm qalıb: “Bircə Kənd Təsərrüfatı Nazirliyindən və Aqrar Tədarükdən zəng olunub. Biz də ideya vermişik ki, heç olmasa lisenziya alaq, spirt kimi çəkib sataq”. Sahibkarların hər birinə azı 10-15 min manat ziyan dəyib. Onlara işləyən hər soyuducuya görə azı 300-700 manat arası işıq pulu gəlir. Fermerlər dövlətdən, prezidentdən və hər iki nazirlikdən kömək gözləyir.