Tovuz və Gədəbəydə içməli su layihələri həyata keçirilir – FOTO

0
374

Tovuz rayonunun Düz Cırdaxan, Cəlilli və Dönük Qırıqlı, Gədəbəy rayonunun Tərsyer kəndlərində içməli su layihələri həyata keçirilir.

“Azərsu” ASC-dən verilən məlumata əsasən, Gədəbəy rayonunun Tərsyer kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihə artıq yekunlaşıb.

Tərsyer kəndi Tovuz rayonunun kəndlərinə yaxın ərazidə yerləşdiyindən kəndin su təchizatı Zəyəmçay-Tovuz su xəttindən aparılır. Bu məqsədlə magistral kəmərdən kəndə 3 kilometr uzunluğunda su xətti çəkilib.

Tovuz rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərinə isə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib. Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 kilometr uzunluğunda magistral kəmərin, eyni zamanda kəndlərdə 2 kilometr paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 16 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Hazırda magistral kəmərin tikintisi davam etdirilir.