Torpağımızı verək deyirsiniz? Utanın və susun!

0
643

 

Tovuz istiqamətində ermənilərin törətdikləri təxribatlardan sonra Roma Papası, Çeçenistan rəhbəri, BMT Baş katibi və bir çox tanınmış rəsmi şəxslər Azərbaycana və Ermənistana müraciət edirlər ki, problemi sülh yolu ilə həll edin. 30 ildir bu cür çağırışlar eşidirik. Doğrudanmı bunu edənlər o qədər sadəlövhdür ki, çağırışla işğala son qoyulmayacağını başa düşmürlər?

Bu sözləri ​Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev   deyib.

Millət vəkili qeyd edib ki, onların heç biri çağırışlarında səmimi deyil, olsaydı, işğalçını adı ilə çağırmağa cəsarət edərdilər:

“Əlbəttə, başa düşürlər. Əsl dindar, Allahın düz bəndəsi, beynəlxalq hüquqa hörmət edən, vicdanlı diplomat və siyasətçi ​o şəxsdir ​ki, həqiqəti desin, haqlının yanında olsun, təcavüzkarı pisləsin, imkanı varsa, haqlını müdafiə etsin. Yox, bunu edə bilmirsə, ən azından susması lazımdır. Mən onlara müraciət edirəm: sülh istədiyiniz üçün sağ olun, amma ona Azətbaycan olaraq biz necə nail olaq? Torpaqlarımızımı verək? Siz səmimi olaraq sülh istəyirsinizsə, təcavüzkar qardaşınız olsa belə, ona deməlisiniz ki, sən işğalçısan və işğal etdiyin torpaqları azad etməlisən. Bunu etmirsinizsə, utanın və ​susun, çünki sizlərin sülh çağırışı təcavüzkarı daha da şirnikləndirir və sülhü daha da əlçatmaz edir”.