“TOFİQ YAQUBLU MƏSƏLƏSİ ƏDALƏTLİ, OBYEKTİV ŞƏKİLDƏ ARAŞDIRILACAQ VƏ…”

0
468

Rasim Məmmədov: “Mən nəinki Tofiq Yaqubluya, hər hansı bir vətəndaşa qarşı kobud rəftarı qətiyyətlə pisləyirəm”

“Dünən Bakıda baş verən hadisələr bir daha onu göstərdi ki, hələ də Azərbaycanın Qarabağdakı böyük tarixi qələbəsinə sevinməyən, xalqın birliyinə kölgə salmaq istəyən, mövcud sabitliyi pozmağa cəhd edən bəzi ermənipərəst qüvvələr və məmurlar var”.

Bunu Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov dekabrın 1-də paytaxtın “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiyaya cəhd zamanı saxlanılan siyasi fəal Tofiq Yaqublunun Səbail RPİ-nin 39-cu Polis Bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Tofiq Yaqubluya qədər də ölkədə qazilər, şəhid ailələri arasında süni narazılıq yaradan vəzifəli şəxslər olub: “Lakin dünənki hadisə, noyabrın 30-da hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbçimizin dəfn olunduğu gün hər hansı bir siyasi fəala azadlıq istəmək məqsədilə küçələrə çıxmaq, aksiya keçirmək heç bir məntiqə sığmır.

Əgər biz bu gün bir siyasi fəalın, yaxud bloggerin azadlığını təmin etmək məqsədilə küçələrə çıxırıqsa, onu ən azından 14 şəhidimizə hörmət və ehtiram əlaməti olaraq bir gün ertələmək olardı. Əslində, bu, düşünülmüş aksiyadır ki, bununla müəyyən mənada ölkədə qəsdən və məqsədyönlü şəkildə məlumatlar paylaşaraq düşmən qüvvələrin dəyirmanına su töksünlər.

Mən nəinki Tofiq Yaqubluya, hər hansı bir vətəndaşa qarşı kobud rəftarı qətiyyətlə pisləyirəm. Tofiq Yaqublu illər boyu dövlətimizin maraq və siyasətinə qarşı tam əks istiqamətdə fəaliyyət göstərməsinə baxmayaraq, onun konkret konstitusiya hüquqları pozulub. Əgər dünən o, 39-cu Polis Bölməsində döyülübsə, bu, ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə xidmət edən hərəkətlərdir. Məgər Tofiq Yaqublunu bölməyə aparıb onunla profilaktik söhbət edib buraxmaq olmazdımı? Görəsən, polis, hətta onun hər hansı radikal hərəkətinə qarşı belə, təmkinli, soyuqqanlı rəftar edə bilməzdimi? Çünki polis xidməti vəzifəsinin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir”.

R.Məmmədov hesab edir ki, DİN Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara rəsmi açıqlamasında onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddiaların əsassız olduğunu bildirsə də, bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılmalı və günahkar olan şəxslər cəzalandırılmalıdır: “Çünki müasir dövrdə informasiya və kommunikasiya vasitələri o qədər inkişaf edib ki, cəmiyyəti yalanla aldatmaq mümkün deyil. Hazırda hər bir Azərbaycan vətəndaşının imkanı var ki, internetdə axtarış verib lazım olan informasiyanı, videonu tapsın və həqiqətləri bilsin. Mən bununla heç də Tofiq Yaqublunun, yaxud hansısa radikal qüvvələrin hərəkətini təqdir etmirəm. Və belə, cəmiyyətdə qarışıqlıq yaratmağa, insanları çaşdırmağa çalışan qüvvələr qanunla cəzalandırılmalıdır. Ancaq siyasi mənsubiyyətindən asılı olmayaraq vətəndaşın polis əməkdaşları tərəfindən təhqir olunması, yaxud ona fiziki zor tətbiq edilməsi yolverilməzdir. Əks təqdirdə, vətəndaşın polisə inamı, güvəni azala bilər.

Halbuki Azərbaycan polisinin təhlükəsizliyimizin qorunmasında müstəsna xidmətləri var. Polis asayişin və təhlükəsizliyimizin keşiyindədir. Ötən onilliklərə nəzər salsaq, Azərbaycan polisinin son dərəcə əhəmiyyətli missiyaların öhdəsindən gəldiyini görərik. İstər pandemiya, istərsə də müharibə dövründə polisin xidmətlərini xüsusi vurğulaya bilərik. Eyni zamanda, onlar ölkədə təhlükəsizliyin təmin olunması ilə yanaşı, ön cəbhədə də fəal olublar. Qarabağ müharibəsində daxili işlər orqanlarının əməkdaşları arasında şəhidlərimiz, qazilərimiz olub. Xüsusilə vurğulamaq istəyirəm ki, son vaxtlar polisin sosial şəbəkələr üzərində insanlar arasında cinayətkarlığı, narkomaniyanı və ciddi neqativ halları təbliğ edənlərə qarşı həyata keçirdiyi tədbirlər təqdirəlayiq haldır. Bir sözlə, qeyd etdiyim kimi, Azərbaycan polisinin təhlükəsizliyimizin və suverenliyimizin qorunmasında müstəsna xidmətləri var. Amma polisin Tofiq Yaqublu ilə davranışı çalışdığı orqanın adına və cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə kölgə salmaqdır. Bütün bunları nəzərə alaraq əmin olmaq istəyirəm ki, Tofiq Yaqublu məsələsi ədalətli, obyektiv şəkildə araşdırılacaq və müvafiq tədbirlər görüləcək”.