Tısbağa yerişi ilə yürüş: Nə biz onlara inanırıq, nə onlar bizi başa düşür

0
647

Osman Gündüz deyir ki, əgər nazirlik özəl provayderlərə kabel-kanal sisteminə daxil olmağa icazə verərsə, onların da resurslarından istifadə edilsə, özəllər üçün münbit şərait yaradılmış olar

Azərbaycanda genişzolaqlı internetin tətbiqindən sonra ölkəmizdə internetin sürətini artırdığı deyilsə də, bu reallığı əks etdirmir. Bu gün insanların mütləq əksəriyyəti internetin sürətindən şikayətlənir.

Azərbaycanda internetin sürətinin ən ləng yeriyən heyvan olan tısbağanın sürəti ilə müqayisə olunması da təsadüfi deyil. Ölkəmizdə internetin sürətinin aşağı olmasını Böyük Britaniyanın dünya ölkələri arasında ortalama internet sürətini araşdıran “Cable” şirkəti də təsdiqləyib. Şirkətin məlumatında bildirilir ki, Azərbaycan hər il sürəti artan qlobal internet sürəti ilə ayaqlaşa bilmir. Belə ki, ölkəmiz internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir. Hesabata görə, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir. Azərbaycandakı orta internet ilə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur. Hesabata görə, son ildə Azərbaycan siyahıda 6 pillə geriləyib. Ölkəmiz 2018-ci ildə 135-ci yerdə idi.

Bu il bütün ölkələrin ortalama internet sürəti 11 Mbps təşkil edib. Azərbaycanda internetin sürəti (3.1 Mbps) dünya üzrə orta internet sürətindən də aşağıdır. Dünyada orta hesabla ən sürətli internetin olduğu ölkə 85 Mbps sürətlə Tayvandır. Tayvandakı orta internet sürətilə 5 GB-lıq bir filmi endirmək üçün 8 dəqiqə tələb olunur.

Hökumət internet istifadəçiləri üçün vacib olan qərarı təsdiqlədi

 Azərbaycanda internetin sürətinin günü-gündən zəifləməsinin səbəbini araşdırıb.

Sputnik Azərbaycan
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kifayət qədər nüfuzlu “Cable” şirkətinin yüksək sürətli internetlə bağlı statistikasında hər dəfə Azərbaycan aşağı pillələrdə yer alır: “Cable”nın apardığı araşdırmada 2018-ci ildə Azərbaycan 135-ci, 2017-ci ildə 102-ci yerdə olub, indi isə 141-ci yerdə qərar tutub. Bu isə o deməkdir ki, Azərbaycan internetin sürətinə görə son bir ildə 6 pillə, son iki ildə 39 pillə geriləyib. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə aşağıdır”.

O.Gündüz deyir ki, nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurumdur: “Nəzərə almaq lazımdır ki, bu şirkətin ciddi partnyorları var. Azərbaycanda internetin sürətinin zəif olmasının səbəbi Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üç ildir ki, yürütdüyü səhv siyasətidir. Nazirlik genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb və bunu etiraf eləməkdən də çəkinmir. Nazirlik deyir ki, hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəl kabel-kanal sistemini yaxın buraxmır. Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui-istifadə edərək internet bazarında tam üstünlük əldə edib”.

O.Gündüzün sözlərinə görə, əgər nazirlik özəl provayderlərə kabel-kanal sisteminə daxil olmağa icazə verərsə, onların da resurslarından istifadə edilsə, özəllər üçün münbit şərait yaradılmış olar.

İnternet üzərində nəzarət üçün abonentlərin üzü skan ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin müvafiq qurumları tərəfindən şəhər əraziləri və regionlar arasında rəqəmsal fərqin azaldılması, informasiya cəmiyyətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür: “Həyata keçirilmiş işlər nəticəsində hazırda əhalinin 80 faizi internet, 73 faizi isə genişzolaqlı internet istifadəçisidir. “Cable.co.uk” təşkilatının təqdim etdiyi statistik göstəricilər subyektiv xarakter daşıyır və ölkə üzrə internetin tam mənzərəsini əks etdirmir. Bununla yanaşı qeyd edək ki, statistikaya nəzər saldıqda, ölkədə internet sürətinin orta göstəricisinin əvvəlki illərə nisbətən artdığı müşahidə olunur. Eyni zamanda, təşkilat tərəfindən araşdırma aparılan ölkələrin sayının ildən-ilə artdığı nəzərə alınmalıdır.

Məlumat üçün bildirək ki, Bakı şəhərində mənzillərə yüksək sürətli internet xidməti verilməsinə imkan yaradan (GPON) texnologiyanın tətbiqi ilə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin göstərilməsi istiqamətində işlər həyata keçirilir. Bu texnologiya vasitəsilə istifadəçilər mənzilədək çəkilmiş fiber optik xətt ilə həm telefon, həm internet, həm də televiziya xidmətlərini əldə edə bilirlər. Vətəndaşlara simsiz yüksək sürətli internet xidməti verilməsini təmin edən LTE texnologiyası vasitəsilə də müasir telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müvafiq layihənin icrası davam etdirilir. Eyni zamanda, regionlarda genişzolaqlı internet xidmətlərinin göstərilməsini genişləndirmək üçün ATS-lərdə genişzolaqlı internet avadanlıqlarının və telefon şəbəkəsinin montaj tutumları tələbata uyğun olaraq artırılır. Regionların telefon şəbəkəsi üzrə DWDM/MPLS şəbəkəsinin qurulması üçün layihə hazırlanıb, podratçı şirkətlə müqavilə bağlanıb və yaxın dövrdə şəbəkənin qurulması nəzərdə tutulur. Layihənin əsas əhəmiyyəti yüksəksürətli transmissiya şəbəkəsinin qurulması, şəbəkənin dayanıqlılığının təmin edilməsi, şəbəkənin tutumunun 100 Gbit/s-yə çatdırılması və bütün qovşaqlar üzrə yüksəksürətli internetin təmin olunmasıdır”.