“Tikinti mafiyası”na paytaxtı bərbad günə qoymaq üçün hüdudsuz imkanları kim yaradıb?

0
385

Ekspertin sözlərinə görə, Diaspora Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimovun “tikinti mafiyası” 203 N-li məktəbin stadionunu ələ keçirərək orada tikinti aparır və bu tikinti nəticəsində yol çökərək bərbad vəziyyətə düşüb.Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 86 saylı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarından sonra şəhərin müxtəlif rayonlarında köhnə binalar sökülərək, yeniləri ilə əvəz edilməyə başlandı. Həmin qərar Nazirlər Kabinetinin 2019-cu il 18 dekabr tarixli 482 saylı qərarı ilə ləğv olunsa da, təxminən 5 il ərzində Bakının adıçəkilən

rayonlarında bir söküntü bumu yaşanırdı. Ard-arda binalar sökülür, yeniləri ilə əvəzlənirdi. Bu proses sakinlərin də ciddi narazılığına səbəb olmuşdu.

Beləliklə söküntülər bitdi, əvəzində yeni binalar tikildi.

İndi isə daha fərqli bir problem ortaya çıxıb. Yeni binaların parklama yerləri azdır. Yəni binalarda yaşayan insanlar parklama yerlərinə görə mübahisə belə edirlər.

Parklama yerlərinin az olması vətəndaşların avtomobillərini yolların kənarında saxlaması və yolların zəbt olunması ilə nəticələnir. Bu isə öz növbəsində tıxacların yaranmasına səbəb olur.

Bəs bu vəziyyətə cavabdeh kimdir? Sputnik Azərbaycan bu məsələni araşdırıb. Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, 2005-ci ilə qədər inşa edilmiş binalar Fövqəladə Hallar Nazirliyinin nəzarətindən kənar tikilib.

FHN-nin Tikintiyə Nəzarət İdarəsi fəaliyyətə başlayandan sonra binlar tikilən zaman, aşma bucağı, fövqəladə hallar, yanğından mühafizə və s. digər normativlər nəzərə alınmağa başladı. 2012-ci ildən sonra isə qaydalar bir qədər də sərtləşdirildi və aşma bucağı nəzərə alınaraq, tək bloklu binaların inşası zamanı ara-məsafəsi daha geniş götürüldü, binaların həyətinə giriş-çıxış məsafələrinə də diqqət yetirildi.

“Şəhərin Nizami metrosundan Bakıxanov körpüsü ətrafında yerləşən küçələrdə binalar arasında ara məsafənin az olması daha çox müşahidə edilir. Vaxtilə burada aktiv tikinti işləri aparılırdı. Və nəzarət olmadığına görə həmin ərazidə parklanma problemi var”, – deyən ekspert vurğulayıb ki, tikintiyə nəzarət sərtləşdirildikdən sonra parklanma məsələsinə də diqqət yetirilməyə başlandı.

Onun sözlərinə görə, xarici ölkələrdə çoxmərtəbəli binalarda mənzil sayının 50 faizinə qədər parklama yeri olur. Məsələn, binada 100 mənzil varsa, onun yarısı qədər parklama yeri olur.

“Hazırda istifadə edilən normativlərdə binalar arasında məsafə ciddi nəzarət altındadır. Çünki 2018-ci ilin iyul ayının birindən binaların layihələndirilməsi və təsdiqi Bakı şəhər İcra Hakimiyyətindən alınaraq, Arxitektura Komitəsinə verilib. Və 2018-ci ilin yayından sonra layihələndirilən binalarda həm yanğınsöndürməyə nəzarət qurğuları, həm binalar arasındakı məsafə ciddi qorunub saxlanılır. Həmçinin də parklanma məsələsinə də ciddi baxılır”, – deyə o qeyd edib.

Ekspert hesab edir ki, şəhərin daxilində olan köhnə, istismar müddəti bitmiş binalar planlı şəkildə sökülməlidir. Və xarici təcrübəyə əsaslanaraq, yeniləri inşa edilməlidir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, binalar tikilərkən aidiyyəti qurumlarla əvvəlcədən razılaşmalar aparılmır: “Binaları tikirlər və deyirlər ki, bu, o məmurundur, bu, digər məmurundur. Çox maraqlıdır ki, bütün bina tikintisinin arxasında bir məmur dayanır və onlar da çox təəssüf ki, binaları istədikləri kimi, istədikləri yerdə tikdikdən sonra başlayırlar dövlət qurumlarından rəy almağa”.

Ekspert təəssüflə qeyd edib ki, həmin binalara rəy verməməyə cəsarəti çatan dövlət qurumu yoxdur.

Bu günə qədər rəy verməyən yeganə qurum Fövqəladə Hallar Nazirliyi olub ki, o da həmin binaların qazlaşdırılması məsələsinə razılıq verməyib. Ekspert qeyd edib ki, bu problemi Milli Məclis səviyyəsində sakinlərin adından müzakirəyə çıxararaq rəy ala biliblər:

“Tikinti mafiyası şəhəri bərbad vəziyyətə qoyur. Dövlət bunun fəsadını illər sonra çox pis çəkəcək. Belə ki, tikinti şirkətləri 15-20 həyət evi olan ərazini alır, orada 200 mənzilli bina tikir. Bəs bu 200 mənzilli bina tikiləndə orada yaşayacaq olan sakinlərin avtomobili harada dayanacaq? Mən bunu son günlər təəssüflər olsun ki, Bayıl qəsəbəsində Ziya Yusifzadə (keçmiş Xanlar) küçəsində, Neftçi Qurban küçəsində müşahidə edirəm. Hazırda bu ərazilərdə belə binalar tikilir”.

Elməddin Muradlının sözlərinə görə, “tikinti mafiyası” Bayılda Ruhi-Əsəb Xəstəlikləri Dispanserini və göz xəstəxanasını da alıb:

“Diaspora Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimovun tikinti mafiyası 203 N-li məktəbin stadionunu aldı. İndi orada tikinti aparır və onun apardığı tikinti nəticəsində yol çöküb bərbad vəziyyətə düşüb. Hər gün orada yamama işləri aparılır. “Sabah Residence” şirkəti Ziya Yusifzadə küçəsində böyük bir bina tikib, parkinq yeri qoymadı. Hətta yol kənarında da ağacları qurudub kəsmək üçün diblərini betonlamışdılar. Sonradan da aidiyyəti qurumlarla nə etdilərsə, ikitərəfli yolun bir tərəfini aldılar. İndi yol birtərəfli olub və bir tərəfi də həmin bina üçün parkinq olub. Bu binanı tikən şəxs düşünmürdü ki, binanı 5-10 metr arxada tiksin? Parklama yeri olsun və ya binanın zirzəmisi parkinq edilsin? Bina tikildikdən sonra parklama məsələsi yada düşür və ikitərəfli yolun bir tərəfini alırlar. Yəni, bu gün Bakı şəhərində yolun bir tərəfi rəsmən satılıb. Bu biabırçılıqdır. İllər keçəcək indiki məmurlar olmayacaq, dövlət bunun acısını çəkəcək, bədəl ödəyəcək, şirkətlərə, sakinlərə kompensasiya ödəyəcək. Yəni, şirkət olmayacaq, sakinlər olacaq və onlar da köçmək üçün kompensasiya tələb edəcəklər”.

Ekspertin sözlərinə görə, qanun tələb edir ki, bina tikilərkən parklanma məsələsi nəzərə alınsın. Bu məsələ Dövlət Yol Polisi ilə razılaşdırılmalıdır.

Ancaq çox təəssüf ki, bu gün yol polisini bu məsələdə saya salan tikinti şirkətləri yoxdur. Varsa da, çox az saydadır.