Tezliklə Qarabağın Azərbaycan turizmində xüsusi yeri olacaq

0
385

İşğaldan azad edilmiş ərazilərin təhlükəsizliyi təmin olunduqdan və əsas magistral yollar çəkildikdən sonra Qarabağa böyük yerli turist axınının olacağı gözlənilir. Hazırda Qarabağımızın potensial 10 milyon nəfər yerli turisti var.

Bunu turizm üzrə ekspert Fariz Hacıyev deyib.

Hər kəsin səbirsizliklə müqəddəs torpaqlarımızı görmək gününü gözlədiyini deyən F.Hacıyev hesab edir ki, ölkə sakinlərindən başqa xaricdə yaşayan həmvətənlərimiz də bu siyahıya əlavə edilərsə, yaxın illərdə Qarabağ regionu Azərbaycan turizmində öz hegemonluğu ilə seçiləcək.

Ekspertin fikrincə, Şuşa şəhəri Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq:

“Əminəm ki, yaxın illərdə ölkəmizə səfər edən xarici turistlərin böyük bir qismi Qarabağ turuna qoşulmadan ölkəni tərk etməyəcək. Təkcə Şuşadakı Çətir şəlalələri hamını oraya getməyə sövq edəcək. Bizi eyni zamanda qış turizmi istiqamətində də yeni marşrut gözləyir. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkan olacaq”.

Qarabağda turizmlə bağlı bir çox layihələrin icrasısını mümkün sayan F.Hacıyev bildirib ki, Qubadlıda Həkəri çayı boyunca bir sıra gözəl istirahət mərkəzləri tikilə bilər. Yaxın zamanlarda Kəlbəcərdə – İstisuda da beş ulduzlu hotellərin, sanatoriyaların tikilməsi mümkündür. İşğaldan azad olunmuş bütün şəhər və rayonlarda turizm infrastrukturu bir-birinə bağlı olaraq qurulacaq”.