Teymur Rəcəbov: “İlin İdmançısı seçildiyim üçün xoşbəxtəm və qürur duyuram”

0
372

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İdman Araşdırmalar Mərkəzinin sorğusu nəticəsində “İlin idmançısı” seçilməsinə münasibət bildirib.

Ölkə xaricində olduğu üçün mükafatlandırma tədbirinə qatıla bilməyən 32 yaşlı qrossmeyster fikirlərini “Instagram” hesabı vasitəsilə bölüşüb.

“Məni ilin ən yaxşı idmançısı seçən bütün jurnalistlərə, sevimli azarkeşlərimə, ümumiyyətlə, bütün azərbaycanlılara təşəkkür edirəm! Xoşbəxtəm və qürur duyuram ki, ətrafımda sizlər varsınız. Sizsiz bütün bu uğurların mənası olmazdı! Hər biriniz çox sağ olun, əsas yarışlar irəlidədir və biz çox çalışırıq!” deyə T.Rəcəbov vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da Bakı Olimpiya Stadionunda keçirilmiş mərasimdə Teymur Rəcəbovun mükafatını onun babası Faiq Rəcəbov götürüb. Mükafatı isə cüdo üzrə yeganə dünya çempionu Elxan Məmmədov təqdim edir. Bu il Dünya Kubokunun qalibi olan T.Rəcəbov 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanıb.