Telekanallara qarşı hücumlar: hansı məqsədlə tamaşaçıları millitele-efirdən qaçırdırlar?!. – Aydın Xan Əbilovdan kəskin mövqe

0
100

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “ARB”, Xəzər”, “ATV”, “Space” kanallarında yayımlanan tanınmış verilişlərin, o cümlədən eskperti olduğu “Elgizlə izlə” verilişinin bağlanacağı, Elgiz Əkbər və digər məşhur aparıcıların efirdən uzaqlaşdırılacağı barədə iddialara münasibət bildirib. 


A.Əbilov açıqlamasında deyib ki, son illər diqqət verəndə, Azərbaycanda hansı sahə çox inkişaf edirsə, o dəqiqə həm cəmiyyət, həm məmurlar onun üstünə getməyə başladığını görürük:
“Milli telekanallarımız və orada gedən proseslər, efir planlaşdırılması, televiziya məhsulları, audiovizual məhsullarla bağlı son vaxtlar həddindən artıq ictimai tənqid və reaksiya var. Anlaya bilmirəm, istər dövlət adamları, istər xalq olsun, məgər bunlara fikir, düşüncə adamları, gələcək əsrlərdə bu günün tarixini, insanlarını, zamanın nəbzini, insan həyatının məqamlarını video formasında arxivləşdirmək lazım deyil? Azərbaycan telekanalları istər zəif, istər güclü, ortabab verilişləri ilə birlikdə milli tamaşaçısını milli efirə qaytardı. Türkiyə, İran, Rusiya, ingilis, alman, hətta ərəb telekanallarında seriallara, verilişlərə baxan Azərbaycan tamaşaçısının böyük bir qismi milli efirə qayıtdı. Zəif də olsa, seriallarımız, sosial verilişlər, müxtəlif televiziya layihələri Azərbaycan tamaşaçısını milli audiovizual məhsullara tərəf döndərə bildi. Tənbəllik etməyən hər kəs telekanallardakı sosial verilişlərdə iştirak edən, öz fikirlərini bölüşən ekspertlərin üstünə düşməyə, verilişləri tənqid etməyə başlayıb. Gələn qonaqların, məmurların, yerli icra hakimiyyətinin, bələdiyyələrin incitdikləri insanların, polisdən, məhkəmədən imdad diləyən, amma o imdadı görməyən vətəndaşların səsini dövlət orqanlarına çatdıran telekanalları vururlar. Bundan asan nə ola bilər? Halbuki hərə öz vəzifəsini layiqincə yerinə yetirsəydi, telekanallarımızda sosial verilişlər yox, intellektual, kreativ, mədəniyyətlə, elm və təhsillə bağlı verilişlərə üstünlük verilərdi. Amma gəlin baxaq, AZTV, İctimai TV, Mədəniyyət TV-nin və özəl kanalların çəkib hazırladıqları, efirə verdikləri çox ciddi verilişlərə baxanların sayı çoxdurmu? Heç 5%-i də keçmir. Baxmayaraq ki, onlar da dəyərli video məhsullar ortaya qoyurlar. Amma xüsusən də, Azərbaycan tamaşaçısı qalmaqal, insan həyatı ilə bağlı realit tok-şoulara daha çox meyil göstərir. Bu, yalnız Azərbaycanda belə deyil. Qardaş Türkiyədə, Rusiyada da belədir. Nədənsə heç də onların ağlına gəlmir ki, bu kanalları bağlasınlar, oradakı ekspertləri, televiziya verilişlərinə can qoymuş, beyin işlətmiş aparıcıları, redaktorları tənqid etsinlər. Ola bilər ki, hansısa verilişdə bu və ya digər dərəcədə mənim də xoşuma gəlməyən qonaqlar, ekspertlər, şikayətçilər, mövzular olsun. Amma o demək deyil ki, biz həmin dəqiqə belə verilişləri bağlamalı, aparıcıları cəzalandırmalıyıq. Bunun üçün Audiovizual Şura var. Şura tez-tez hansısa ekspertlərin fikirlərindən irəli gələrək kanallara xəbərdarlıqlar edir, bəzən cəzalandırır, bəzən də maliyyə sanksiyaları tətbiq edir. Bu heç də həmin verilişlərin, yaxud kanalların ümumi siyasətinə təsir etməməlidir. Senzuradan təzə yaxa qurtarmışdıq, amma indi… Onsuz da televiziyaların özündə 5 dəqiqə gecikdirmə ilə, səsini almaqla verilişlər yayımlanır. Müəyyən daxili senzura var. Bir çox məmurlar onsuz da Azərbaycanın imicinə xələl gətirən fikirlər və siyasət irəli sürürlər. Onların arasında deputatlar da var, ictimai xadimlər də, sosial şəbəkələrdəki savadsız insanlar da. İndi də Azərbaycan mediasına, televiziyasına senzura qoyulması imicini dünyada formalaşdırmaq istəyirlər. Telekanallarda həddindən artıq rəngarəng, maraqlı verilişlər bütün tamaşaçıların zövqünə uyğun hazırlanır. Tamaşaçının imkanı var ki, idarəedici pultla istənilən kanalın isənilən verilişinə baxa bilsin. Kimin xoşuna gəlmirsə, verilişə baxmaya da bilər”.
O bildirib ki, orta və yeni gənc nəsil televiziyaya, demək olar, baxmır:
“Sosial şəbəkədə oturublar. “TikTok”, “Feysbuk” “İnstaqram”, “Yutub”, az hissəsi “Tvitter” kimi digər sosial şəbəkələrdə dünya ilə əlaqə yaradır, özləri üçün informasiya təminatı əldə edə bilirlər. Kanallarımıza baxanların çoxu yaşlı nəslin nümayəndələridir. Onların zövqünü dəyişmək mümkün deyil. Dünyanın hər yerində bu tipli tamaşaçılar var. Onda Türkiyə, Rusiya kanallarını da, digər ölkələrdən bizə ixrac olunan, internet, çanaq antenalar vasitəsilə Azərbaycanda rahat nümayiş olunan kanalları da bağlayaq. Əgər Azərbaycan tamaşaçısını Azərbaycandilli telekanallardan uzaqlaşdırmaq istəyirsinizsə, xarici qüvvələrin televiziya məhsulları, serialları, kinoları, kompüter oyunları vasitəsilə Azərbaycanın azsaylı düşünən adamlarının beyninin yuyulmasını istəyirsinizsə, onda buyurun, kanallardakı verilişləri bağlayın, aparıcıları uzaqlaşdırın. Bununla kim qazanacaq? Yaxın təcrübə göstərir ki, bağlanan hər bir telekanal Azərbaycanın milli-mədəni dəyərlərinin itməsinə boşluğun yaranmasına səbəb olur. Hamı “ANS” kanalının üstünə düşürdü, “ANS” bağlandı, nə dəyişdi? Digər kanallar da o cümlədən. Əksinə, rəqabət yaratmaq lazımdır. Siz televiziyalara nə vaxt normal reklam verdiniz ki, onlar reklamın pulundan istifadə edib sizə tələb etdiyiniz verilişləri vermədilər? Söhbət Azərbaycan tamaşaçısından və aidiyyəti qurumlardan gedir. Bu, çox acı nəticə verə bilər. O demək deyil ki, ekspert kimi həmin kanallarda çıxış edirəm deyə onları müdafiə edirəm. Mən bu gün varam, sabah olmaya da bilərəm. Onsuz da bir çox kanalların dəvətlərindən imtina edirəm, verilişlərin çoxuna mütəmadi getmirəm. O demək deyil ki, həmin kanalların da verilişlərini bağlamalıyıq. Bir az ciddi olmaq lazımdır, biz birlikdə oturub fikirləşməliyik ki, necə edək, verilişlərin səviyyəsini artıraq. Əgər cəmiyyətdə problemlər varsa, vətəndaş aidiyyəti qurumlarda bu problemin həllini tapa bilmirsə, məhkəmə, polis, dövlət, bələdiyyə qurumlarında öz yerində olmayan məmurlar və vəzifəli şəxslər çoxluq təşkil edirsə və vətəndaş gəlib televiziyadan aman diləyirsə, buna görə elektron güzgü olan telekanalları bağlamaq yox, həmin problemləri həll etmək lazımdır. Məmurlar vətəndaşın problemi ilə məşğul olmalıdırlar, nəinki hansısa senzor tətbiq edən qeyri-adi qüvvə kimi özlərini göstərməlidirlər”.

Hazırladı: Aytəkin