Tehran Mənsimov: “Minaya düşdüm, maşın aşdı, yaralandım”

0
179

Xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçusu, polkovnik Tehran Mənsimov 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb.

Tehran Mənsimov müsahibəsində deyib ki, o, müharibə zamanı Cəbrayıla gələrək müvəqqəti komanda məntəqəsində general-leytenant Kərim Vəliyevlə (hazırda general-polkovnik rütbəsi ilə müdafiə nazirinin birinci müavini, Baş qərargah rəisi vəzifəsindədir) görüşüb.

“Qeyd edim ki, təcrübəli hərbçi-döyüşçü, bizim dillə desək, səngər generalı olan Kərim Vəliyevin bu istiqamətdəki hərbi əməliyyatları peşəkarlıqla koordinasiya etməsi döyüşlərin uğurlu gedişinə mühüm töhfə verirdi. Döyüşlərin gərgin mərhələlərinin getdiyi Xocavənd rayonunun icra hakimiyyətinin başçısı, I Qarabağ müharibəsində könüllü özünümüdafiə dəstələrinin komandiri olmuş Eyvaz Hüseynovun da iştirak etdiyi görüşdə əməliyyat şəraitini, döyüş tapşırıqlarını dəqiqləşdirdik, geniş məsləhətləşmə keçirdik. Hərbi komandanlığın yeni qərarlarını söyləyən Kərim Vəliyev qarşıdakı strateji hədəflər barədə məxfi məlumatları diqqətimə çatdırdı. Kərim Vəliyev Ali Baş Komandanın hazırlayıb təsdiq etdiyi Şuşa əməliyyatı barədə vacib məqamları dedi və ordu rəhbərliyinin tapşırıqları haqda məlumat verdi. Mənə artıq hər şey məlum idi”, – deyə Tehran Mənsimov deyib.

O əlavə edib ki, sonra Horadizə gedərək Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşılayıb.

“Əmr gəldi ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməliyik, növbəti döyüş tapşırığı orada veriləcək. Heyət Qarğabazara irəliləyərkən, artilleriya atəşinə məruz qaldıq. Pikap avtomobilə əyləşərək birbaşa qarşıdakı təpəyə sürdüm və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etdim. Ərazinin koordinatını dəqiqləşdirərək, məlumatı artilleriya qüvvələrimizə verdim. Dərhal artilleriyamız ermənilərin atəş nöqtələrini məhv etdilər”.

Tehran Mənsimov bildirib ki, yüksəklikdən geri qayıdanda isə ermənilər onun hərəkətdə olan avtomobilini atəşə tutublar:

“Bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşdü. Güclü partlayış oldu, maşın aşdı, mən isə yaralandım. Amma hərəkət edə bilirdim”, – deyə Tehran Mənsimov əlavə edib.