Teatr xadimləri: “Oranın tozu üçün də darıxmışıq”

0
312

COVID-19 hələ də müxtəlif sahələrə, o cümlədən, mədəniyyət sahəsinə ağır zərbə vurur. Nəfəs almağa çətinlik çəkən mədəniyyətimizdə teatrlar, bəlkə də, reanimasiya şəraitində yaşayan, ən çox zərər görən sahədir. Rejissorlar sanki məşqçi, aktyorlar isə ehtiyat skamyada oturub gözləyən futbolçulara bənzəyir. Futbolçu daim meydanda olmalıdır ki, formada ola bilsin. Aktyor isə səhnəyə çıxmasa, formasını qoruya bilməz. Pandemiya aktyorları vadar edib ki, məcburən “ehtiyat skamya”da otursunlar. Bəs bunun qarşısını almaq üçün aktyorlar nə edirlər, hansı önləyici tədbirlər görürlər? Və ümumiyyətlə, görürlərmi?

Aktyor, Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımov deyir ki, teatr hər bir millətin, hər bir xalqın üzüdür, ən öndə gedən sahəsidir:

“Teatr millətin həm mədəniyyətini, həm tarixini, həm ədəbiyyatını göstərən bir sahədir. Başa düşürük ki, pandemiyadır, xəstəliklər artıb, amma bunu da müxtəlif yollarla tənzimləmək olar. Məsafə saxlamaqla, maska taxmaqla, vaksin olunmuş şəxsləri dəvət etməklə, hər halda, teatrları açmaq olar. Bizim teatrın bütün əməkdaşları vaksin olunub. Məncə, bu halda, biz artıq məşqlərə, teatrın açılmasına hazırlıq görməyə başlaya bilərik”.

Rejissor deyir ki, teatrların bağlanmağı bir çox aspektlərdən ziyan vurub:

“Bunun içində formadan, ruhdan düşmək də var, yadırğamaq da. Amma ən böyük ziyan vaxtımızın, zamanımızın getməsidir. Mən bu iki il ərzində daha çox şey edə bilərdim. Bu iki il mənim sənət ömrümdən, yaradıcılıq ömrümdən getdi. Akademik Milli Dram Teatrında baş rollarda Bəsti Cəfərova, Ramiz Novruzun iştirak etdiyi və təhvil verilməsinə 10 gün qalmış qoyduğum tamaşa təxirə düşdü. Mən pandemiya bitəndən sonra həmin tamaşanı sıfırdan işləməliyəm. Dövlət Gənc Tamaşaçılar Teatrında Çexovun “Qağayı” əsərini qoyacaqdım. Pandemiya zamanı boş qalmadıq, “Zoom” proqramı vasitəsilə düz iki ay əsərin oxunuş və araşdırma məşqlərini etdik. Amma artıq səhnə məşqlərinə keçməli olduq deyə məcburən onu da yarımçıq saxlamalı olduq”.

Nicat bəy vurğuladı ki, zəfərlə bitən 44 günlük müharibəyə töhfə vermək istəsələr də, bu planları da baş tutmayıb:

“Mən teatrların açılmağını həm rejissor, həm də aktyor kimi səbirsizliklə gözləyirəm. Özümüzü formada saxlamağımız lazımdır. Bunun üçün idman və mütaliə vacibdir. Amma psixoloji ziyandan çıxmaq olmur. Çox çətindir. Müxtəlif işlər olur, məsələn, mən dərs deyirəm, filmlərə, seriallara çəkilirəm. Amma bu, teatr səhnəsini əvəz etmir. Bizim tamaşaçıdan aldığımız impulsu, enerjini heç nə vermir. Mən oyunumdan tamaşaçının nə hala düşdüyünü, nə hiss etdiyini dərhal, yerindəcə görürəm. Bu mənə stimul, güc verir. Amma çəkilişdən sonra nə qədər xoş söz eşitsəm də, düzdür, mənə xoş gəlir, amma həmin effekti vermir”.

Rejissor xəstəlikdən qorxduğunu etiraf edir. Deyir ki, ən vacibi sağlamlıqdır, amma teatrsız da nəfəs almaq olmur:

“Üz tuturam Operativ Qərargaha! Xahiş edirəm, teatrlarla bağlı məsələyə yenidən baxılsın! Hələ teatr açılandan sonra dərhal tamaşa ilə də çıxış edə bilməyəcəyik. Ən azı bir ay lazımdır ki, səhnəyə adaptasiya olunaq, köhnə tamaşaları yada salaq. Yəni hazırlıq prosesi getməlidir”.

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kazım Abdullayev teatrın tozu üçün də darıxdığını deyir:

“Biz onu udmasaq, yaşaya bilmirik. Amma qərar verilibsə ki, pandemiyadır, teatrlar bağlanmalıdır, biz nə edə bilərik ki? Bu gün bir çox dünya ölkələrində teatrlar açılıbsa, bizdə də, düşünürəm ki, artıq bu barədə fikirləşmək olar. İki il az müddət deyil. Biz formadan düşmüşük, təbii ki. Necə ki idmançılar idman etməyəndə formadan düşür, eləcə də biz tamaşa oynamayanda formadan düşürük. İstərdim ki, teatrlar tezliklə açılsın. Həm özümüz çox darıxmışıq, həm də tamaşaçılar sosial şəbəkələrdə yazırlar, darıxdıqlarını bildirirlər”.

Aktyor deyir ki, evdə otura-otura, sanki ruhumuz da qocaldı bu iki ildə:

“Teatr bu iki ildə çox şey itirdi. Tamaşaçını itirdi, gələcəyini itirdi. Bilirsiniz, teatr həmişə işlək olmalıdır. Teatrlar açılandan sonra, ümumiyyətlə, nə qədər vaxta özümüzə gələcəyimiz də, yenidən həmin ab-havaya düşə biləcəyimiz də hələ sual altındadır. Amma biz aktyorlar çox böyük səbirsizliklə teatrların açılmasını gözləyirik. Çəkilişlər var, işsiz qalmırıq. Amma film və seriallar teatr deyil, teatr səhnəsi deyil. Enerji ala bilmirik. Bizi yaşadan tamaşaçılardan aldığımız impulsdur. Bu bizə çox pis təsir edir”.