“Tavuş əməliyyatı” – Paşinyan Qazaxın kəndləri ilə bağlı gizli plan hazırlayıb

0
133

Ermənistan hakimiyyəti Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılmasından bəhs etsə də, bu istiqamətdə konkret addımlar hələ ki, atılmayıb.

“Hraparak” nəşri Ermənistan hakimiyyətinin gizli planının olduğu iddiasını irəli sürüb.

Nəşr yazır ki, bir aydır 4 kənd daxili siyasi gündəmin bir nömrəli məsələsinə çevrilib: “Siyasi gərginlik artıb, ölkədə yeni narazılıq ocaqlarının yaranmasına səbəb olub. Paşinyanın Tavuşda verdiyi məlum açıqlamalardan həftələr keçsə də, rəsmi səviyyədə delimitasiya prosesinə başlanmadığı, üstəlik, delimitasiyanın Tavuşdan başlanması ilə bağlı heç bir qərarın olmadığı bildirilib. Belə təəssürat yaranır ki, hakimiyyət vətəndaşların və müxalifətin sərt reaksiyasına görə geri çəkilib. Lakin gerçək bundan ibarət deyil. Siyasi dairələrdə Paşinyanın bu məsələ üzərindən başqa problemləri həll etməyə çalışdığına dair qorxular var.”.

Nəşr “Tavuş əməliyyatı” adını verdiyi Paşinyanın planının nədən ibarət olduğunu da yazıb.

“Bu məsələnin ortaya atılması hakimiyyətə qarşı ictimai müqavimətin qırılmasına hesablanıb. Bəziləri Tavuşa gedəcək, qruplar yaradacaq, silahlanacaq, hakimiyyəti sərt tənqid etməyə başlayacaq, bəlkə də küçələrə çıxacaq. Paşinyan da bu proseslərdən istifadə edərək, ictimai müqaviməti qırmaq üçün repressiya və həbslərə başlayacaq, həm də Azərbaycanla bütün razılaşmaları həyata keçirəcək”, – nəşr qeyd edir.